Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar
Bakı, 8 oktyabr, AZƏRTAC
Meksika Azərbaycanla insan identifikasiyası, məhkəmə-tibbi ekspertiza, axtarış metodologiyaları və institusional potensialın gücləndirilməsi kimi sahələrdə ikitərəfli əməkdaşlıq imkanlarının, qabaqcıl təcrübə, texniki ekspertiza və qarşılıqlı öyrənmə mübadiləsinin araşdırılmasını məmnunluqla qarşılayar. İnanırıq ki, müvafiq qurumlarımız arasında dialoq və praktiki əməkdaşlıq qarşılıqlı faydalı ola və bu humanitar problemin həllinə əlavə töhfə verə bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Meksikanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Diyeqo Qayol Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: Humanitar əməkdaşlıq və etimadın yaradılması" adlı panel sessiyada çıxış edərkən deyib.
"Hesab edirik ki, bu kimi çoxtərəfli forumlar qarşılıqlı öyrənmənin təşviqi və ümumi həll yollarının hazırlanmasında mühüm rol oynayır. Milli reallıqlar fərqli olsa da, bütün dövlətlər itkin düşmə hallarının qarşısının alınması, itkin şəxslərin taleyi və harada olduqlarının müəyyənləşdirilməsi, zərərçəkmişlərin və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə məsuliyyəti bölüşür. Təcrübə mübadiləsi bir-birimizdən öyrənməyə, institutlarımızı gücləndirməyə və ümumi cavab tədbirlərimizi təkmilləşdirməyə imkan verir. Meksika beynəlxalq və regional insan hüquqları mexanizmləri, eləcə də axtarış, məhkəmə-tibbi ekspertiza və insan identifikasiyası sahəsində fəaliyyət göstərən ixtisaslaşmış təşkilatlarla sıx əməkdaşlığı davam etdirir. Biz, xüsusilə məhkəmə antropologiyası və genetikası, kontekst təhlili və identifikasiya proseslərinə dəstək məqsədilə yeni texnologiyalardan istifadə sahəsində təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk. Bu baxımdan, bu gün apardığımız və bundan sonra da davam etdirəcəyimiz fikir və təcrübə mübadiləsini yüksək qiymətləndiririk. Elmi və texniki əməkdaşlıq itkin düşmüş şəxslərin axtarışında irəliləyiş əldə etmək və yaxınlarının taleyini öyrənmək üçün uzun illərdir gözləyən ailələrə cavab vermək baxımından əvəzedilməz olduğunu sübut edib", - deyə o qeyd edib.