Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu
Gəncə, 8 oktyabr, AZƏRTAC
Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş “Gəncənin mədəni irsinin qorunması – gənclərin gözü ilə” adlı forum keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin dəstəyi və Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə keçirilən forumda 100-ə yaxın gənc iştirak edib.
Forumun əsas məqsədi Gəncənin zəngin tarixi-mədəni irsinin gənclər arasında təbliği, milli-mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində gənclərin rolunun artırılması, həmçinin Nizami Gəncəvinin yaradıcılıq irsinin geniş şəkildə təşviq edilməsidir.
Tədbir çərçivəsində gənclərin iştirakı ilə müxtəlif rəqs kompozisiyaları nümayiş olunub. Daha sonra “Gəncənin mədəni irsinin qorunmasında gənclərin rolu” mövzusunda panel müzakirəsi təşkil edilib. Paneldə şəhərin tarixi-mədəni irsinin qorunması, mədəni irs nümunələrinin gələcək nəsillərə çatdırılması, gənclərin bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsi və ictimai iştirakçılığın artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edənlər Gəncənin Azərbaycanın qədim mədəniyyət və şəhərçilik ənənələrinin formalaşdığı mühüm mərkəzlərdən biri olduğunu vurğulayaraq şəhərin zəngin tarixi-mədəni irsinin qorunmasında gənc nəslin fəal iştirakının əhəmiyyətindən danışıblar.
Forumun sonunda fəallığı ilə seçilən gənclər təltif olunublar.
Müxbir - Elcan Məmmədov