Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
Türkmənbaşı, 8 oktyabr, AZƏRTAC
Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət başçılarının Məşvərət görüşünün altıtərəfli formatı əməkdaşlığın, sülhün və sabitliyin möhkəmləndirilməsi üçün yeni, əhəmiyyətli imkanlar açır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşünün yekununda bildirib.
O qeyd edib: “Görüş dövlət başçıları arasında ən yüksək səviyyədə qarşılıqlı anlaşma, etimad, xalqlarımızın inkişafı, tərəqqisi və rifahı naminə birgə fəaliyyət göstərmək, həm regional, həm də qlobal miqyasda sülhün, sabitliyin və təhlükəsizliyin təşviqi arzusunu təsdiqlədi”.
Sərdar Berdiməhəmmədov diqqətə çatdırıb ki, dövlət başçılarının hazırkı görüşünə hazırlıq zamanı nümayəndə heyətləri əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlər üzrə razılığa gəliblər.
Türkmənistan Prezidenti, həmçinin Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının növbəti, 9-cu Məşvərət görüşünün 2027-ci ildə Azərbaycanda keçiriləcəyini açıqlayıb.
Sərdar Berdiməhəmmədov bu münasibətlə Azərbaycan Prezidentini təbrik edib.
“Məşvərət görüşünün altıtərəfli formatı bu məqsədlərə çatmaq üçün yeni və əhəmiyyətli imkanlar açır. Bugünkü müzakirələrin nəticələri bunu əyani şəkildə nümayiş etdirdi”, - deyə Türkmənistan Prezidenti vurğulayıb.
Türkmənistan Prezidenti qeyd edib ki, onun ölkəsi görüşün uğurlu təşkili və keçirilməsi üçün hərtərəfli yardım və lazımi dəstəyi göstərir, sülhün, sabitliyin, mehriban qonşuluğun daha da möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir.
Sərdar Berdiməhəmmədov çıxışının sonunda deyib: “Bir daha hamınıza konstruktiv işinizə görə təşəkkür edirəm”.