Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycanın müstəqillik tarixinin ən mühüm mərhələlərindən biri ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin nitqində də bu istiqamət xüsusi yer tutur.
Dövlətimizin başçısı Azərbaycanın keçdiyi mürəkkəb və şərəfli inkişaf yoluna nəzər salmaqla yanaşı, qarşıda duran strateji hədəfləri də aydın şəkildə müəyyənləşdirir. Bu çıxış dövlətimizin son onilliklər ərzində qazandığı tarixi nailiyyətlərin, həyata keçirilən məqsədyönlü siyasətin və yeni reallıqlar fonunda qarşıya qoyulan vəzifələrin konseptual ifadəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.
O bildirib ki, işğal altında olan ərazilərimizin azad edilməsi, ərazi bütövlüyümüzün bərpası və nəhayət 2023-cü il sentyabrın 20-də Qarabağda separatçılığın kökünün kəsilməsi ilə Azərbaycanın bütün ərazilərində suverenliyinin təmin olunması dövlətçilik tariximizin yeni mərhələsini formalaşdırdı. Lakin bu Zəfərin arxasında illərlə aparılmış məqsədyönlü və uzaqgörən siyasət, güclü iqtisadiyyat və qüdrətli ordu dayanırdı. Qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün, ilk növbədə, Azərbaycanın güclü iqtisadi imkanlara malik olması vacib idi. 1990-cı illərin əvvəllərində isə vəziyyət tamamilə fərqli idi. Azərbaycan dövlətinin büdcəsi boş, xəzinəsi talanmış, ölkənin iqtisadi imkanları son dərəcə məhdud vəziyyətdə idi. Belə mürəkkəb şəraitdə dövlət müstəqilliyinin möhkəmləndirilməsi və qarşıya qoyulan böyük məqsədlərin reallaşdırılması üçün möhkəm iqtisadi dayaqlar yaradılmalı idi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” məhz bu baxımdan Azərbaycanın gələcək inkişafının mühüm iqtisadi təməlini formalaşdırdı. Müqavilənin imzalanması ölkəyə milyardlarla dollar sərmayənin cəlb olunmasına, neft sektorunun inkişafına və qeyri-neft sektorunun inkişafı üçün yeni imkanların yaranmasına şərait yaratdı. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan möhkəm iqtisadi təməl üzərində inkişaf edərək iqtisadi müstəqilliyini daha da gücləndirdi. İqtisadi müstəqilliyin möhkəmlənməsi, öz növbəsində siyasi müstəqilliyin daha da güclənməsinə mühüm zəmin yaratdı. Ölkənin iqtisadi imkanlarının artması milli ordumuzun müasir texnologiyalar əsasında yenidən qurulmasına və peşəkar orduya çevrilməsinə də geniş imkanlar yaratdı.
“Prezident İlham Əliyevin qurultaydakı çıxışında iqtisadi və sosial məsələlərə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Dövlətimizin başçısı 2027-ci il yanvarın 1-dən minimum əməkhaqqının, pensiyaların və müavinətlərin artırılacağını bildirdi. Bu, dövlət siyasətinin mərkəzində insan amilinin, vətəndaşların sosial rifahının və layiqli həyat şəraitinin dayandığını bir daha nümayiş etdirir. 2018-ci ildən həyata keçirilən 5 sosial paket nəticəsində ölkədə minimum əməkhaqqı 3 dəfə, minimum pensiya 2,8 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, sosial müavinət və təqaüdlər isə 5 dəfə artıb. Bu sosial paketlər 4 milyon nəfəri əhatə edib, onların icrası üçün dövlət büdcəsindən əlavə olaraq 8 milyard manat vəsait yönəldilib. Gələn il həyata keçiriləcək yeni sosial paketin də 3 milyondan çox insanı əhatə edəcəyi gözlənilir. Bu addım sosial müdafiəyə ehtiyacı olan vətəndaşların rifahının daha da yaxşılaşdırılması istiqamətində dövlət siyasətinin növbəti mühüm mərhələsi olacaq. Azərbaycanın sosial siyasəti ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətində də genişmiqyaslı işlər davam etdirilir. Son 6 ildə bu məqsədlər üçün dövlət büdcəsindən 28 milyard manatdan çox vəsait ayrılıb, 48 yaşayış məntəqəsi yenidən qurulub bərpa edilib və 96 mindən çox insanın həmin ərazilərdə məskunlaşması təmin olunub”, - deyə A.Badamov vurğulayıb.