Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir
Bakı, 8 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında nitqi ölkənin gələcək inkişafı ilə bağlı mühüm mesajlarla zəngin oldu. Dövlətimizin başçısının diqqət çəkdiyi əsas məsələlərdən biri Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursudur. Azərbaycanın təcrübəsi göstərir ki, xarici siyasətdə müstəqillik dövlətin beynəlxalq mövqeyini, təhlükəsizliyini və iqtisadi imkanlarını gücləndirən mühüm strateji amildir. Qərarlarını milli maraqları rəhbər tutaraq qəbul edən ölkənin beynəlxalq münasibətlərdə mövqeyi möhkəmlənir və proseslərə təsir imkanları genişlənir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Əfəndi İbrahimli deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün regional və qlobal proseslərdə nəzərə alınan mövqeyə malik ölkələrdəndir. Bunun əsas amillərindən biri Prezident İlham Əliyevin ardıcıl, praqmatik və prinsipial xarici siyasətidir. Bu siyasət Azərbaycana müxtəlif beynəlxalq və regional formatlarda milli maraqlarına uyğun iştirak etməklə yanaşı, yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına təşəbbüs göstərmək imkanı verir. Bu siyasət ölkənin Şərq-Qərb və Şimal-Cənub arasında mühüm siyasi və iqtisadi bağlantı mərkəzinə çevrilməsinə də şərait yaradır.
“Ölkəmizin xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış və qarşılıqlı faydaya əsaslanan münasibətlər qurmasıdır. Burada əsas meyar milli maraqlar və dövlət suverenliyidir. Çin və ABŞ ilə strateji əməkdaşlığın inkişaf etdirilməsi də Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakterini göstərir. Ölkə müxtəlif siyasi qütblər arasındakı ziddiyyətlərdə qarşıdurmanın tərəfinə çevrilmədən, milli maraqlarını qoruyaraq fərqli tərəfdaşlarla əməkdaşlıq edir. Bu yanaşma Azərbaycanın strateji manevr imkanlarını genişləndirir, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlavə imkanlar yaradır”, - deyə politoloq əlavə edib.
Ə.İbrahimli bildirib ki, Azərbaycanın müstəqil xarici siyasəti Prezident İlham Əliyevin siyasi iradəsinin və dövlətçilik fəlsəfəsinin mühüm göstəricisidir. Ölkəmiz milli maraqlarını qoruyaraq beynəlxalq əməkdaşlığa açıqdır, lakin əməkdaşlığı asılılıqla eyniləşdirmir. Xarici siyasətdə əsas prinsip bütün tərəfdaşlarla qarşılıqlı hörmət əsasında əməkdaşlıq etməklə yanaşı, dövlət suverenliyinin və milli maraqların qorunmasıdır.
“Bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artması, regional proseslərdə rolunun güclənməsi və müxtəlif qlobal aktorlarla məhsuldar münasibətlər qurması illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Müstəqil xarici siyasət ölkənin suverenliyini və beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, onun regionda və daha geniş geosiyasi məkanda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Bu təcrübə göstərir ki, milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın təhlükəsizliyi və gələcək inkişafı üçün mühüm strateji amildir”, - deyə o vurğulayıb.