FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib
İdman kompleksinin inşası cəmi 66 günə tamamlanıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycanın ev sahibliyi edəcəyi U-15 dünya çempionatı və festivalının oyunları ilə əlaqədar yeni inşa olunmuş Hövsan Yarış Kompleksinə media nümayəndələri üçün tur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mediaturun məqsədi mətbuat nümayəndələrini qarşıdakı nüfuzlu yarışın əsas məkanlarından biri olan yeni komplekslə yaxından tanış etmək olub. Jurnalistlərə burada yaradılmış müasir infrastruktur, eləcə də mötəbər turnirə hazırlıq prosesi barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində jurnalistlərə açıqlama verən Neft Qaz Tikinti Trestinin (NQTT) müdiri Qağaməli Seyfullayev kompleksdə görülən tikinti və abadlıq işlərinin detallarını diqqətə çatdırıb. O bildirib ki, layihənin sifarişçisi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), baş podratçısı isə Neft Qaz Tikinti Trestidir: “Layihələndirmə işləri Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən həyata keçirilib. Kompleksin tikintisində SOCAR-ın Nəqliyyat İdarəsi, həmçinin xüsusi spesifik işlər üzrə tender qalibi olan müvafiq subpodratçı təşkilatlar da yaxından iştirak ediblər”.
Q.Seyfullayev kompleksin ümumi ərazisi və infrastrukturu haqqında məlumat verərək deyib: “Ümumi ərazimiz iki hissədən ibarətdir. 12 hektarlıq daimi ərazidə 10 ədəd stadion, inzibati bina və əsas infrastrukturlar yerləşir. 6,6 hektarlıq köməkçi ərazidə isə media qrupları, xidməti personalın qidalanması, sanitar qovşaqlar və geyinib-soyunma otaqları üçün 23 müxtəlifölçülü çadır quraşdırılıb”.
NQTT müdiri qeyd edib ki, 10 stadionun hamısında işlər artıq başa çatıb, yaşıl örtüklər döşənib. Hazırda ehtiyat oyunçular üçün oturacaqların yerləşdirilməsi, küləyə qarşı torların çəkilməsi, projektorların quraşdırılması kimi son tamamlama və sınaq işləri aparılır.
Kompleksin texniki göstəricilərindən söz açan Q.Seyfullayev vurğulayıb ki, stadionlarda yağış sularının kənarlaşdırılması üçün perimetr boyunca xüsusi qurğular, yerin altında ümumi uzunluğu 3200 metr olan boru xətləri quraşdırılıb, 114 ədəd quyu qazılıb: “Ərazidə FİFA standartlarına tam cavab verən, 40 dayağın üzərində ümumilikdə 360 ədəd projektor yerləşdirilib. Bundan əlavə, ərazi boyunca 210 işıqlandırma dirəyi, 134 videomüşahidə kamerası və mərkəzləşdirilmiş səs sistemi quraşdırılıb. Bütün bu sistemlər 10 otaqdan ibarət inzibati binadan idarə olunacaq.”
Ərazidə böyük həcmdə asfaltlama və yaşıllaşdırma işlərinin də görüldüyünü bildirən trestr müdiri əlavə edib: “Ümumilikdə 186 min 300 kvadratmetr əraziyə asfalt örtüyü vurulub. Köməkçi hissədə 337 minik avtomobili və 60 böyüktutumlu avtobus üçün dayanacaqlar hazırlanıb. İdmançıların paltardəyişmə yerləri Atletlər Kəndində nəzərdə tutulduğundan, onlar yarışdan sonra xüsusi avtobuslarla geri qayıdacaqlar. Köməkçi sahədə işçilər üçün 41 məişət evciyi, sanitar qovşaqlar və İT otaqları təşkil edilib.”
Q.Seyfullayev iyulun 29-da start verilən tikinti işlərinin əsas hissəsinin cəmi 66 gün ərzində yüksək keyfiyyətlə tamamlandığını xüsusi vurğulayıb.
Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı cari ilin oktyabrın 24-dən 30-dək keçiriləcək.