İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş
Gəncə, 8 oktyabr, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə Ümumdünya Layiqli Əmək Gününə həsr olunan “Layiqli əmək, layiqli həyat deməkdir” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə HİK-in sədri Afaq Qasımova layiqli əməyin mahiyyəti, dövlət və həmkarlar ittifaqları tərəfindən bu istiqamətdə görülən işlər barədə məlumat verib. Bildirib ki, universitetdə ittifaq üzvləri üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməkhaqlarının vaxtında ödənilməsi, məzuniyyət hüququndan istifadənin təmin olunması və digər məsələlər daim diqqət mərkəzində saxlanılır.
Universitetin baş hüquqşünası Günay Şirinova çıxışında Azərbaycanda əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılmasının sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu bildirib. O, əmək qanunvericiliyinə dövlət nəzarətinin gücləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması və işçi hüquqlarının daha etibarlı qorunması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü qeyd edib.
Filologiya və xarici dillər fakültəsi üzrə həmkarlar təşkilatının sədri Aynur Novruzova vurğulayıb ki, Ümumdünya Layiqli Əmək Günü ölkədə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, ölkədə vətəndaşlar üçün səmərəli məşğulluq imkanlarının, sağlam və layiqli iş yerlərinin yaradılması istiqamətində mühüm addımlar atılır. Görülən işlərin əsas məqsədi insan amilinə və insanların rifahına xidmət etməkdir.
Daha sonra Universitetin İnsan resursları şöbəsinin müdiri Gülçöhrə Tağıyeva və əməyin mühafizəsi üzrə mühəndis Sərxan Bağırov mövzu ilə bağlı çıxış edərək əmək münasibətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat veriblər.
Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova, Kimya kafedrasının müdiri Aynur Məmmədova, həmin kafedranın baş müəllimi Sevinc Zeynalova və Botanika kafedrasının baş laborantı Aygün Qədimova mövzu ilə bağlı suallar səsləndiriblər.
Sonda tədbir iştirakçıları tərəfindən müxtəlif təkliflər irəli sürülüb.
Müxbir - Elcan Məmmədov