Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək
Türkmənbaşı, 8 oktyabr, AZƏRTAC
2027-ci ildə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycanın sədrliyi birgə işimizə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevi Məşvərət görüşündə ilk sədrliyi qəbul etməsi münasibətilə təbrik edən Sadır Japarov vurğulayıb: “Əminəm ki, Azərbaycanın sədrliyi birgə işimizə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcək”.
O əlavə edib: “Qırğız Respublikası lazımi dəstəyi göstərməyə və Azərbaycanın sədrliyinin prioritetlərinin uğurla həyata keçirilməsinə kömək etməyə hazırdır”.
Turizm əməkdaşlığının inkişafından danışan Sadır Japarov Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin turizm potensialının bir-birini tamamladığını vurğulayıb.
Sadır Japarov qeyd edib: “Tarixi şəhərlər, dağ və Xəzər marşrutları, zəngin mədəni irs Mərkəzi Asiya və Azərbaycanı cəlbedici səyahət məkanları kimi tanıtmaq üçün səyləri birləşdirməyə imkan verir.
Qırğızıstan Prezidenti “bir səfər - bir neçə ölkə” prinsipi əsasında əməkdaşlığı inkişaf etdirməyi, ölkələrin görməli yerlərini birgə turizm marşrutlarında birləşdirməyi təklif edib.
O, həmçinin Azərbaycanın Qırğızıstanın vahid turist vizasının tətbiqi təşəbbüsünü davamlı dəstəkləyəcəyinə ümid etdiyini bildirib və Xarici İşlər nazirliklərinə onun tətbiqi üçün konkret mexanizmlər hazırlamağı tapşırmağı təklif edib.