AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır
Bakı, 8 oktyabr, AZƏRTAC
“İki ay bundan öncə burada olsaydınız, onda tamam başqa mənzərənin şahidi olardınız. İki ay əvvəl bura demək olar ki, səhralıq idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA baş katibinin müşaviri Ramazan Səmədov yeni inşa olunmuş Hövsan Yarış Kompleksinə mediatur zamanı orada görülən işlər və yaradılan şərait haqqında jurnalistlərə açıqlamasında deyib.
Səmədov ərazidə qısa müddətdə böyük işlərin görüldüyünü diqqətə çatdırıb: “Qısa müddət ərzində burada tikinti işləri tam başa çatdırılıb və FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazır vəziyyətə gətirilib. Xüsusi vurğulamaq istəyirəm ki, bütün bu böyükhəcmli işlər cəmi 66 gün ərzində görülüb”.
Bu uğurun arxasında böyük insan əməyinin durduğunu deyən baş katibin müşaviri layihənin dövlət dəstəyi ilə reallaşdırıldığını qeyd edib: “Bütün işlər Prezident İlham Əliyevin Sərəncamından irəli gələrək, AFFA-nın prezidenti Rövşən Nəcəfin rəhbərliyi və baş katib Cahangir Fərəcullayevin tapşırıqları əsasında həyata keçirilib. Həmçinin cənab Samir Şərifovun və digər dövlət qurumlarının dəstəyini xüsusi qeyd etmək istəyirəm. Onlar tikintinin ilk günlərindən yanımızda olub, gecə-gündüz bizə dəstək göstəriblər”.
O, layihənin baş podratçısı olan SOCAR-ın Neft Qaz Tikinti Trestinin rolunu da yüksək qiymətləndirib: “Əsas podratçı kimi SOCAR-ın Tikinti Trestinin gördüyü işlər Azərbaycan futbolu üçün böyük töhfədir. Buna görə SOCAR rəhbərliyinə və kollektivinə minnətdarlığımı bildirirəm”.
Səmədov əlavə edib ki, 15 yaşlılar arasında keçiriləcək dünya çempionatı bu layihə üçün bir təkan olsa da, əsas məqsəd daha uzunmüddətlidir: “Bizim ən böyük arzumuz uşaq futbolunun inkişafı üçün belə şəraitin yaradılması idi. Artıq milli komandalarımız və xüsusilə də uşaq futbolunun inkişafı üçün müasir infrastruktur mövcuddur”.
FIFA prezidentinin Bakıya səfəri zamanı kompleksə gəldiyini xatırladan AFFA rəsmisi onun fikirlərindən sitat gətirib: “FİFA prezidenti tikintinin 60-cı günündə buraya baş çəkdi. O qeyd etdi ki, dünyada bir çox oxşar layihələrdə iştirak etsə də, bu sürətdə və bu keyfiyyətdə işin göründüyünü heç bir ölkədə müşahidə etməyib”.
Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı cari il oktyabrın 24-dən 30-dək keçiriləcək.