Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan dövlətçilik tarixinin inkişaf trayektoriyası yalnız siyasi sistemlərin, institutların və idarəetmə strukturlarının ardıcıllığı ilə deyil, həm də bu sistemləri konseptual şəkildə dərk edən, formalaşdıran və gələcəyə daşıyan strateji təfəkkürlü şəxsiyyətlərin irsi ilə müəyyən olunur. Milli dövlət quruculuğu ideoloji-siyasi bünövrəyə, institusional dayaqlara və varislik prinsipinə söykəndikdə davamlı və sarsılmaz xarakter qazanır.
Görkəmli dövlət xadimi, bacarıqlı elm təşkilatçısı, nüfuzlu siyasi və ictimai xadim Əziz Məmmədkərim oğlu Əliyev Azərbaycanın dövlətçilik və siyasi tarixində böyük idarəçilik fəlsəfəsinin, milli məsuliyyətin və geostrateji təfəkkürün simvollarından biridir. Əziz Əliyev yalnız öz dövrünün görkəmli həkimi, alimi və dövlət xadimi deyildi. Onun çoxşaxəli fəaliyyəti dövlətin insan və cəmiyyət qarşısında məsuliyyəti, milli kadrların strateji əhəmiyyəti, elm və təhsilin dövlət quruculuğundakı rolu, Azərbaycanın regional maraqlarının qorunması kimi fundamental məsələləri vahid idarəçilik fəlsəfəsində birləşdirirdi.
Azərbaycan Prezidentinin 20 avqust 2026-cı il tarixli Sərəncamında Əziz Əliyevin dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi, səhiyyə sisteminin inkişafı, milli kadrların hazırlanması, elm və təhsilin təşkili, habelə Azərbaycan–Dağıstan münasibətlərinin möhkəmləndirilməsi sahəsində xidmətlərinin xüsusi qeyd olunması onun irsinin çoxşaxəli mahiyyətini aydın göstərir.
Bu fikirlər tarix üzrə fəlsəfə doktoru, professor Yəhya Babanlının və siyasi elmlər doktoru, professor Ziyafət Həbibovanın “Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni” adlı birgə məqaləsində yer alıb.
AZƏRTAC həmin məqaləni təqdim edir:
“Əziz Əliyevin 130 illik yubileyi yalnız tarixi şəxsiyyətə ehtiram hadisəsi deyil. Bu yubiley Azərbaycan dövlətçilik tarixinin mühüm səhifələrindən birinə yenidən nəzər salmaq, dövlət idarəçiliyi, milli kadr siyasəti, insan kapitalı, elm və təhsil, milli-mədəni siyasət və regional strategiyanın bir-biri ilə əlaqəsini dərk etmək baxımından mühüm imkan yaradır. Eyni zamanda, Azərbaycan dövlət idarəçiliyinin milli köklərini, milli maraqların regional və qlobal reallıqlarla uzlaşdırılması mexanizmlərini və insan kapitalının dövlət suverenliyinin əsas dayaqlarından biri olması fəlsəfəsini yenidən düşünmək üçün əhəmiyyətli siyasi-doktrinal zəmin formalaşdırır.
Əziz Əliyev irsinin ana xəttini insan, milli kadr, peşəkar institut, suveren dövlət və milli-geosiyasi maraq arasında qurulan strateji əlaqə təşkil edir. Bu zəncir onun idarəçilik fəlsəfəsinin mahiyyətini ifadə etməklə yanaşı, dövlət quruculuğuna milli paradiqma əsasında yanaşmanın da nümunəsidir. Əziz Əliyevin həkimlikdən yüksək dövlət idarəçiliyinə qədər uzanan peşəkar yolu onun siyasi fenomeninin yalnız zahiri tərəfidir. Əsas məsələ müxtəlif vəzifələrdə milli dövlətçilik maraqlarını sistemləşdirə bilməsi, idarəçiliyi yalnız inzibati mexanizm kimi deyil, milli intellektual potensialın qorunması və inkişaf etdirilməsi vasitəsi kimi dərk etməsidir. Bu baxışda səhiyyə yalnız sosial-tibbi xidmət sahəsi deyil, insan resursunun, milli genefondun və demoqrafik potensialın qorunmasının mühüm istiqaməti kimi meydana çıxırdı. Elm və təhsil isə yalnız bilik istehsalı və ötürülməsi ilə məhdudlaşmır, milli kadr korpusunun və intellektual potensialın formalaşmasına xidmət edirdi. Kadr siyasəti də inzibati təyinatlar məcmusu deyil, dövlətin gələcək idarəçilik potensialını müəyyən edən strateji kadr ehtiyatının yaradılması prosesi kimi qəbul olunurdu.
Müasir idarəçilik nəzəriyyəsinin əsas kateqoriyalarından olan “insan kapitalı”, “kompetensiya əsaslı idarəçilik”, “institusional inkişaf”, “böhran idarəçiliyi”, “elm–təhsil–dövlət əməkdaşlığı” anlayışlarının prizmasından Əziz Əliyevin fəaliyyətinə nəzər saldıqda onun idarəçilik təfəkkürünün qabaqlayıcı mahiyyəti aydın görünür. Bu anlayışlar müasir terminologiyada geniş yayılmamışdan onilliklər əvvəl onların praktik məzmunu Əziz Əliyevin fəaliyyətində öz əksini tapmışdı.
Məhz buna görə onun irsini yalnız səhiyyə tarixinin və ya sovet dövrü Azərbaycan tarixinin bir epizodu kimi qiymətləndirmək kifayət deyil. Əziz Əliyevin fəaliyyəti Azərbaycan dövlət idarəçiliyi düşüncəsinin tarixi köklərindən biri kimi araşdırılmağa layiqdir. Onun idarəçilik fəlsəfəsini ümumiləşdirən əsas fikir dövlətin gücünün dayanıqlı institutlarla, institutların səmərəliliyinin isə dövlətçilik təfəkkürünə malik, milli-mənəvi məsuliyyət daşıyan peşəkar insanlarla müəyyənləşməsidir. Azərbaycan dövlətçilik tarixinin müxtəlif mərhələləri arasında siyasi, ideoloji və institusional varislik baxımından Əziz Əliyev irsi xüsusi əhəmiyyət daşıyır. Bu irs Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı müstəqil dövlətçilik doktrinasının mühüm intellektual-siyasi öncüllərindən biri kimi nəzərdən keçirilə bilər.
Əziz Əliyev milli kadrı dövlətin əsas dayaqlarından biri kimi qəbul edirdisə, Heydər Əliyev milli kadr siyasətini müstəqil və suveren dövlət quruculuğunun strateji sütununa çevirdi. Əziz Əliyev elm və təhsili idarəçiliyin strateji resursu kimi dəyərləndirirdisə, Heydər Əliyev milli şüura və müasir biliklərə malik gənc nəslin yetişdirilməsini müstəqil dövlətin gələcəyinin əsas təminatlarından biri səviyyəsinə yüksəltdi. Əziz Əliyevin mürəkkəb və böhranlı şəraitdə idarəetmə ilə strateji uzaqgörənliyi birləşdirən təcrübəsi də sonrakı mərhələlərdə Azərbaycan dövlətçiliyinin daha mürəkkəb çağırışlara cavab verməsi baxımından mühüm tarixi məktəb formalaşdırdı.
Bu varislik xətti XXI əsrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni geosiyasi, hərbi və institusional keyfiyyət mərhələsinə yüksəldi. Əziz Əliyevin insan kapitalı və peşəkar idarəçilik üzərində qurduğu yanaşma, Heydər Əliyevin müstəqil dövlətin institusional və ideoloji əsaslarını möhkəmləndirməsi ilə yeni məzmun qazandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi müasir texnologiyalar, rəqəmsal transformasiya, hərbi-strateji qüdrət, ərazi bütövlüyünün və suverenliyin tam bərpası, regional liderlik və beynəlxalq mövqelərin gücləndirilməsi mərhələsinə daxil oldu.
Beləliklə, Əziz Əliyev, Heydər Əliyev və İlham Əliyevin dövlətçilik fəaliyyətini birləşdirən xətt müxtəlif tarixi şəraitlərdə milli dövlətçilik potensialının ardıcıl şəkildə inkişaf etdirilməsini ifadə edir. Əziz Əliyev insan kapitalının və idarəçilik mədəniyyətinin bünövrəsini möhkəmləndirən yanaşmalar formalaşdırdı, Heydər Əliyev həmin potensialı müstəqil dövlətin institusional və ideoloji dayaqlarına çevirdi, İlham Əliyev isə dövlətçilik imkanlarını müasir texnologiyalar, hərbi-strateji güc və regional liderlik müstəvisində yeni səviyyəyə yüksəltdi.
Dağıstan və Dərbənd: Geostrateji iradə və milli maraqların sərhədlərüstü fəlsəfəsi
Əziz Əliyevin 1942–1948-ci illərdə Dağıstan Muxtar Respublikasına rəhbərlik etdiyi dövr yalnız ekstremal böhran idarəçiliyi deyil, həm də böyük geostrateji iradə nümunəsidir. Bu dönəmi Əziz Əliyevin dövlətçilik sınağı kimi də dəyərləndirmək və təhlil etmək olar. Əziz Əliyevin siyasi bioqrafiyasının ən mühüm səhifələrindən biri İkinci Dünya müharibəsinin ən ağır mərhələsinə təsadüf edirdi. Dağıstan isə strateji əhəmiyyətli region idi. Müdafiə, səfərbərlik, iqtisadiyyat, əhali, sosial sabitlik, nəqliyyat, səhiyyə, kadr qıtlığı...Bütün bu məsələlər eyni vaxtda həll edilməli idi. Əziz Əliyev məhz belə mürəkkəb şəraitdə idarəçilik qabiliyyətini nümayiş etdirdi. Lakin onun fəaliyyətinin mühüm xüsusiyyəti yalnız müharibə ehtiyaclarına cavab verməsi deyildi. O, müharibə şəraitində belə gələcək haqqında düşünürdü. O, fəaliyyətini sadəcə müharibə gündəmi ilə məhdudlaşdırmadı. Müharibə şəraitində mürəkkəb etnik və siyasi konfiqurasiyaya malik regionda sabitliyin qorunması, müdafiə potensialının səfərbər edilməsi və eyni zamanda, elm, təhsil və sosial infrastrukturun inkişaf etdirilməsi yüksək siyasi uzaqgörənlik tələb edirdi. Bu isə Əziz Əliyevin idarəçilik düşüncəsinin strateji xarakterini göstərir: müharibəni yalnız bu günü xilas etməklə deyil, sabahın dövlətini qorumaqla idarə etmək lazımdır. Biz bu fəlsəfənin inkişafını 44 günlük şanlı Vətən müharibəsi öncəsi və gedişində bir daha qürurla müşahidə etdik.
İkinci Dünya müharibəsinin strateji burulğanında, mürəkkəb etnik və siyasi konfiqurasiyalı bir regionda sabitliyi təmini, müdafiə potesialını mobilizə olunması həm də yüksək siyasi uzaqgörənlik tələb edirdi. Bütün bu gərginliklərin içində onun elm, təhsil, sosial infrastruktur və kadr hazırlığına xüsusi diqqət yetirməsi təbii ki, gələcək sülhün və strateji nüfuzun planlaşdırılması idi. Bu baxımdan, Dərbənd və Şimali Qafqaz xətti ayrıca diqqətə layiqdir. Dərbənd yalnız coğrafi məkan deyil, Azərbaycanla tarixi, sosial və mədəni əlaqələrin mühüm qovşaqlarından biridir. Əziz Əliyevin bu məkanla əlaqəsi də təsadüfi xarakter daşımırdı. Azərbaycan SSR xalq səhiyyə komissarı olduğu dövrdə Dərbəndlə bağlı səhiyyə tədbirlərinin həyata keçirilməsi, sərhədyanı ərazilərdə epidemioloji təhlükələrə qarşı mübarizə aparılması onun fəaliyyətinin regional mahiyyətini göstərən istiqamətlərdən idi. Dağıstan rəhbərliyində olduğu illərdə isə bu əlaqələr daha geniş siyasi, sosial və humanitar məzmun qazandı.
Milli-mədəni təsir yalnız inzibati dəyişikliklə formalaşmır. İnsan əlaqələri, təhsil, elm, mədəniyyət, kadr siyasəti, iqtisadi və humanitar münasibətlər də milli-mədəni bağların möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan, Əziz Əliyevin fəaliyyəti Dərbəndin və bütövlükdə Şimali Qafqazın Azərbaycanla tarixi-mədəni əlaqələrinin qorunmasına, həmin əlaqələrin regional siyasətin mühüm elementinə çevrilməsinə xidmət edən tarixi xətt kimi qiymətləndirilə bilər.
Bu yanaşma milli maraqların inzibati sərhədlərdən daha geniş müstəvidə qorunması fəlsəfəsini ortaya qoyur. Müasir siyasi elmdə “yumşaq güc” anlayışı ilə ifadə olunan elmi-mədəni nüfuz, insan əlaqələri və kadr siyasəti kimi vasitələrin ayrı-ayrı elementləri Əziz Əliyevin fəaliyyətində daha erkən tarixi mərhələdə öz praktik ifadəsini tapmışdı.
Əziz Əliyevin idarəçilik irsinin əsas komponentləri və vahid dövlətçilik düsturu
Əziz Əliyev məktəbinin müasir dövr üçün aktuallığı xüsusilə postmüharibə mərhələsində daha aydın görünür. Vətən Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası dövlət qarşısında yeni geosiyasi və institusional vəzifələr yaradıb. Hazırkı mərhələdə məsələ yalnız mövcud institutların qorunması deyil, qalib dövlətin rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan, çevik və dayanıqlı idarəetmə modelinin inkişaf etdirilməsidir.
İnsan kapitalı, rəqəmsal idarəetmə, innovasiya, milli təhlükəsizlik və hərbi-sənaye potensialı müasir dövlət gücünün bir-biri ilə sıx bağlı komponentləridir. Əziz Əliyevin dövründə elm–təhsil–milli kadr–peşəkar idarəçilik formasında meydana çıxan yanaşma bu gün texnoloji inkişaf, rəqəmsal transformasiya və innovasiya müstəvisində milli suverenliyin mühüm təminatlarından birinə çevrilib. Əziz Əliyevin 130 illiyi bu mənada bir tarixi şəxsiyyətin yubileyindən daha geniş məna daşıyır. Bu tarix Azərbaycan dövlət idarəçiliyinin milli köklərinin, insan kapitalına əsaslanan inkişaf fəlsəfəsinin, milli kadr siyasətinin və strateji idarəçilik ənənəsinin yenidən dərk edilməsi üçün mühüm fürsətdir.
Əziz Əliyevin irsi bir insanın bioqrafiyası deyil, bir idarəçilik məktəbinin tarixidir. Bu məktəbin əsas dərsi ondan ibarətdir ki, dövlət qurmaq yalnız qərar qəbul etmək və inzibati mexanizmləri işlətmək deyil. Dövlət qurmaq insan yetişdirmək, peşəkar kadr formalaşdırmaq, dayanıqlı institutlar yaratmaq, milli yaddaşı qorumaq və gələcək üçün strateji zəmin hazırlamaqdır.
Əziz Əliyevin siyasi və idarəçilik irsinin əsas komponentlərini vahid dövlətçilik düsturunda belə ifadə etmək mümkündür: peşəkarlıq + milli kadr + geostrateji təfəkkür + institusional güc + böhran idarəçiliyi + yumşaq güc = suveren dövlətçilik doktrinası.
Bu yanaşmanın əsas siyasi mesajı ondan ibarətdir ki, dövlətin həqiqi böyüklüyü və davamlılığı yalnız onun coğrafi hüdudları, iqtisadi göstəriciləri və hərbi potensialı ilə müəyyən edilmir. Dövlətin gələcək nəsillərə ötürdüyü milli institutlar, strateji kadr potensialı, intellektual resursları və tarixi dövlətçilik ənənəsi onun uzunmüddətli gücünün əsasını təşkil edir.
Azərbaycan dövlətçiliyinin keçmişdən gələcəyə uzanan həyat yolunun dəyişməyən məntiqi də burada üzə çıxır: güclü və suveren dövlət dövlətçilik təfəkkürünə malik insandan başlayır. Yüksək milli şüura sahib insan keyfiyyətli və strateji təhsillə yetişir. Keyfiyyətli elm və təhsil peşəkar insan kapitalı və dayanıqlı institutlar formalaşdırır. Milli institutlar isə milli iradəni dövlət gücünə, milli məqsədləri geostrateji üstünlüyə və milli təhlükəsizliyi davamlı suverenliyə çevirir.
Əziz Əliyev dövlətçilik məktəbinin tarixi dərsi məhz bu ardıcıllıqda ifadəsini tapır: dövlətin gələcəyi bu gün yetişdirilən insanın, formalaşdırılan kadrın və yaradılan institutun keyfiyyətindən başlayır.