Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Vyetnamın “Kommunist” jurnalının baş redaktorunun müavini Nquyen Nqok Hanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev ilə görüşdə Azərbaycanla Vyetnam arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edilib.
Qeyd olunub ki, Azərbaycan-Vyetnam əlaqələrinin təməli Vyetnamın ilk Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərləri ilə qoyulub. Bildirilib ki, ölkələr arasında səmimi əlaqələrin nəticəsində sonrakı illərdə çoxsaylı vyetnamlı tələbə təhsil almaq üçün Azərbaycana gəlib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri deyib ki, Azərbaycan ilə Vyetnam arasında əməkdaşlıq müxtəlif istiqamətlərdə, o cümlədən media sahəsində uğurla inkişaf edir. Vurğulanıb ki, AZƏRTAC ilə Vyetnamın VNA agentliyi arasında 2025-ci ilin mayında Bakıda yeni əməkdaşlıq Sazişi imzalanıb. Agentliklərimiz, həmçinin Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) və Dünya Xəbər Agentlikləri Konqresi kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər.
Nquyen Nqok Han Azərbaycan ilə Vyetnam arasında tarixi əlaqələrdən bəhs edərək ölkəmizin onlara göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Nümayəndə heyəti AZƏRTAC-da redaksiyaların fəaliyyəti ilə də tanış olub.