Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Energetika Nazirliyi tərəfindən “150 kilovatdan yuxarı gücü olan paylanmış bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası üzrə hüquqi, texniki və iqtisadi maneələrin təhlili və təkmilləşdirilməsi” layihəsinə start verilib.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 150 kilovatdan yuxarı gücü olan paylanmış bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası üzrə hüquqi, texniki və iqtisadi maneələrin təhlili və təkmilləşdirilməsi üzrə Energetika Nazirliyinin sədrliyi ilə İşçi Qrupunun ilk iclası onlayn formatda keçirilib.
İclasda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ölkədə həyata keçirilən enerji keçidi və elektrik enerjisi sistemində bərpa olunan enerji mənbələrinin payının artırılması istiqamətində paylanmış bərpaolunan enerji güclərinin vacibliyini qeyd edib.
Bildirilib ki, paylanmış Günəş, külək və digər bərpaolunan enerji qurğularının inkişafı yaşıl enerji istehsalının artırılması ilə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin azaldılmasına, lokal enerji təchizatının və enerji təhlükəsizliyinin gücləndirilməsinə, habelə istehlakçıların və biznes subyektlərinin enerji bazarında fəal iştirakının genişləndirilməsinə imkan yaradır.
İclasda 150 kilovatdan yuxarı gücə malik paylanmış bərpaolunan enerji layihələrinin sayının hazırda məhdud olması nəzərə alınaraq, bu sahənin inkişafına təsir edən hüquqi, texniki və iqtisadi maneələrin kompleks şəkildə araşdırılmasının vacibliyi vurğulanıb. Bu çərçivədə normativ-hüquqi baza, şəbəkəyə qoşulma prosedurları və müddətləri, texniki standartlar, inzibati proseslər, elektrik enerjisinin satış mexanizmləri, vergi və maliyyələşdirmə məsələləri əsas təhlil istiqamətləri kimi müəyyən edilib.
Dünya Bankının texniki dəstəyi ilə layihəyə cəlb olunan beynəlxalq ekspert tərəfindən həyata keçiriləcək əsas iş istiqamətləri təqdim olunub.
Birinci istiqamət üzrə mövcud qanunvericilik və normativ-hüquqi aktların, eləcə də şəbəkəyə qoşulma qaydaları və müddətlərinin nəzərdən keçirilməsi, mövcud boşluqların müəyyən edilməsi və Avropa və MDB ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycanın elektrik enerjisi bazarına uyğunlaşdırılması imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.
İkinci istiqamət çərçivəsində 150 kilovatdan yuxarı gücə malik layihələr üçün elektrik enerjisinin maya dəyəri (LCOE), layihələrin rentabelliyi, “net-metering” və “net-billing” mexanizmləri, elektrik enerjisinin satınalma müqavilələri (PPA), vergi və subsidiya mexanizmləri, həmçinin “Mənşə Sertifikatı” (Guarantees of Origin) sistemi qiymətləndiriləcək.
Üçüncü istiqamət üzrə aparılmış təhlillərin nəticələrinə əsasən konkret icra müddətlərini, məsul qurumları və zəruri qanunvericilik dəyişikliklərini özündə əks etdirən Yol Xəritəsinin və yekun hesabatın hazırlanması nəzərdə tutulur.
İclasın sonunda İşçi Qrupunun üzvləri ilə sual-cavab sessiyası keçirilib, növbəti mərhələdə məlumat və materialların mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub. İşçi Qrupunda Energetika Nazirliyi, “Azərişıq” ASC və Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri iştirak edirlər.