Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib
Bakı, 8 oktyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi dosent Əli Fərhadov Özbəkistan Respublikası Dövlət Tarix Muzeyinin təşkil etdiyi beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Daşkənddə təşkil olunan “XXI əsrdə muzeyşünaslıq: tədqiqatlar, ənənələr və innovasiyalar” mövzusundakı konfransda azərbaycanlı alim vizual slaydların müşayiəti ilə “Cavad Heyətin nümunəsində “Varlıq” jurnalında orta əsrlər türk-islam mədəniyyəti məsələləri” adlı geniş elmi məruzəsini təqdim edib.
Dosent Əli Fərhadov məruzəsində XX əsrin məşhur cərrahı, publisisti və türkoloqu Cavad Heyətin ideoloji irsinə müraciət edərək, onun rəhbərliyi altında Tehranda nəşr olunan “Varlıq” jurnalında orta əsrlər türk-islam mədəniyyətinin fəlsəfi, tarixi və ədəbi aspektlərinin necə işıqlandırıldığını konkret elmi faktlarla əsaslandırıb.
Məruzənin yekununda konfrans iştirakçıları və beynəlxalq ekspertlər tərəfindən azərbaycanlı alimə mövzu ətrafında çoxsaylı suallar ünvanlanıb.
Əli Fərhadov “Varlıq” jurnalının regional mədəni inteqrasiyadakı rolu, eləcə də muzey fondlarında qorunan materialların gələcək tədqiqat imkanları barədə sualları ətraflı cavablandırıb.
Müzakirələr muzeyşünaslıq və ortaq türk-islam tarixinin araşdırılması istiqamətində beynəlxalq elmi əməkdaşlığın inkişafına mühüm töhfə kimi dəyərləndirilib.