Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
Qahirə, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 17-dən 24-dək Mərakeşdə növbəti Fəs Sufi Mədəniyyəti Festivalı keçiriləcək. Mərakeş Kralı VI Məhəmmədin himayəsi ilə keçirilən tədbirin budəfəki şüarı “Sufi poeziyası, şəfa iksiri” adlanır.
AZƏRTAC Mərakeşin MAP agentliyinə istinadla xəbər verir ki, festival oktyabrın 17-də Bab əl-Makinədə konsert proqramı ilə açılacaq. “Mənəvi məhəbbət yolları” adlanan gecədə Əndəlüs-ərəb sufi musiqiləri səsləndiriləcək.
Festivalın proqramı dünyanın müxtəlif bölgələrinə məxsus musiqi ənənələrinə də geniş yer ayırır. Oktyabrın 18-də Şüeyb Aftab Qavval Pakistan sufi musiqisinin nümunələrini təqdim edəcək və çıxışında şair-filosof Məhəmməd İqbalın yaradıcılığına müraciət edəcək. Oktyabrın 21-də isə sənətçi Ustad Vasifuddin Daqər “Əbədiyyətin nəfəsi” adlı proqramla çıxış edəcək. Şimali Hindistana məxsus qədim “drupad” vokal ənənəsinə həsr olunan bu təqdimat Hindistanın zəngin musiqi irsini nümayiş etdirəcək.
Oktyabrın 23-də Kot-d’İvuardan Davud Konate və Albaniyadan Enris Qinamı öz sufi nəğmələrini səsləndirəcəklər. Ardınca “Şərqdən Qərbə səyahət” adlı musiqi layihəsi təqdim olunacaq.
Proqram çərçivəsində digər maraqlı sənət layihələri də yer alır. Onlardan biri Tristan Driessens və Luthopia ansamblının birgə hazırladığı, vokal və arfa ifasında Ariana Savallın da iştirak etdiyi layihədir. Əsər Hildegard von Bingenin sufi nəğmələrindən ilhamlanıb.
Festival proqramına Odil Ginan və Mari Burşonun sərgiləri, eləcə də rejissor İzabel Fernandesin “Əl-Həmranın qurucuları” filminin nümayişi də daxildir.
Festival çərçivəsində dəyirmi masa müzakirələri isə bir sıra aktual fəlsəfi və mənəvi mövzuların müzakirəsi üçün platformaya çevriləcək. “Gözəllik dünyanı xilas edə bilərmi?”, “Rumi: şəfa axtarışında” və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Festivalın tədbirləri oktyabrın 24-ü axşamı “Vəcd” adlı musiqi gecəsi ilə yekunlaşacaq. Gecədə Əndəlüs-ərəb səma ənənəsi Hələb dərvişlərinin musiqi irsi ilə bir araya gətiriləcək.
Fəs Sufi Mədəniyyəti Festivalı dünyanın hər yerindən musiqi və sənətkarları bir araya gətirir. Festival Mərakeşin ən maraqlı və orijinal tədbirlərindən biridir. Dünya auditoriyasına açıq olan festival təsəvvüf mədəniyyəti irsinin, onun əsərlərinin, sənət və sənətkarlıq nümunələrinin təbliğini həyata keçirir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, ustad dərsləri təşkil olunur.