Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir
Bakı, 8 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqi ilə Azərbaycanın xarici siyasətinin yeni mərhələsinin konturlarını cızdı. Bu mərhələnin əsas fərqi ondadır ki, Bakı artıq yalnız öz müstəqilliyini qorumağa çalışan dövlət kimi deyil, öz milli maraqlarını qoruya bilən regional aktor kimi çıxış edir. Bu isə çox əhəmiyyətli fərqdir. Çünki müstəqil siyasət yürütmək başqadır, müstəqil siyasət üçün kifayət qədər geosiyasi imkan yaratmaq tamam başqa.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbul Mədəniyyət Universitetinin dosenti, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Elnur İsmayıl deyib.
O qeyd edib ki, Azərbaycanın son iyirmi ildə keçdiyi yol məhz bu ikinci mərhələnin formalaşmasına gətirib çıxarıb. Əsas məsələ “kimin tərəfindəsən?” sualından çıxmaqdır. Çünki bugünkü beynəlxalq sistemdə dövlətlərə çox vaxt sadə bir sual verilir: hansı düşərgədəsən: Rusiya, yoxsa Qərb, Çin, yoxsa ABŞ, Şimal, yoxsa Cənub? Azərbaycanın xarici siyasətinin fərqli cəhəti də məhz bu ikili seçim məntiqini qəbul etməməsidir.
“Prezident İlham Əliyevin son çıxışında “heç bir düşərgəyə qoşulmamaq” fikrini önə çəkməsi də bu baxımdan təsadüfi deyil. Bu yanaşmanı klassik bitərəfliklə də qarışdırmaq olmaz. Azərbaycan dünyadan kənarda qalmaq istəmir. Əksinə, mümkün qədər çox siyasi, iqtisadi və təhlükəsizlik platformasında iştirak etməyə çalışır. Burada söhbət çoxvektorlu siyasətdən daha mürəkkəb bir modeldən gedir: müxtəlif güc mərkəzləri ilə münasibət saxlamaq, lakin heç birinin strateji orbitinə daxil olmamaq. Bunun işləməsi üçün dövlətin öz çəkisi olmalıdır. Azərbaycanın son illərdə qazandığı əsas üstünlüklərdən biri isə məhz budur”, - deyə mütəxəssis əlavə edib.
E.İsmayıl bildirib ki, Azərbaycanın diplomatik manevr imkanlarını yalnız diplomatiyanın özü ilə izah etmək mümkün deyil. Diplomatiyanın arxasında iqtisadiyyat, enerji, ordu, coğrafiya və siyasi sabitlik dayanır. Bir vaxtlar Azərbaycan xarici siyasətdə əsasən özünün ərazi bütövlüyü problemini beynəlxalq gündəmdə saxlamağa çalışan ölkə idi. Bu gün isə vəziyyət tamamilə fərqlidir.
“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu, ölkənin xarici siyasətinin məqsədini də dəyişib. Əvvəlki mərhələdə əsas sual “Azərbaycan öz haqqını necə qəbul etdirəcək?” idisə, indiki mərhələdə sual “Azərbaycan qazandığı yeni mövqedən necə istifadə edəcək?” sualıdır. Prezident İlham Əliyevin Qurultayda “aktiv və daha çox fəalyönümlü” xarici siyasət barədə danışması məhz bu dəyişikliyin göstəricisidir. Yəni Bakı artıq yalnız reaksiyalar verən diplomatiyadan təşəbbüskar diplomatiyaya keçmək istəyir. Bu, kifayət qədər ciddi strateji dəyişiklikdir”, - deyə o vurğulayıb.