ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsil menecmenti kafedrasında magistr dissertasiya işlərinin elmi rəhbərləri ilə görüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, magistr dissertasiyalarının keyfiyyətinin yüksəldilməsi və elmi rəhbər-magistrant əməkdaşlığının daha səmərəli təşkili məqsədilə təşkil edilən görüşdə kafedra müdiri dosent İsrayıl İsgəndərov kafedranın əsas fəaliyyət istiqamətləri və magistr dissertasiyalarının hazırlanması prosesində diqqət yetirilməli əsas elmi-metodoloji məsələlərdən danışıb.
Kafedranın professoru Müseyib İlyasov 2025-2026-cı tədris ilində kafedrada müzakirə edilmiş 160-dan çox magistr dissertasiyasının nəticələri əsasında müəyyənləşdirilmiş tipik çatışmazlıqlar, o cümlədən tədqiqat metodologiyası, empirik məlumatların təhlili, akademik yazı, istinad və biblioqrafiya, nəticə və təkliflərin hazırlanması məsələləri barədə məlumat verib.
Görüşdə, həmçinin magistrantların fərdi planlarının icrası, dissertasiya üzərində işin vaxtında aparılması və elmi rəhbərlərlə magistrantlar arasında davamlı kommunikasiyanın təmin olunması müzakirə edilib. Elmi rəhbərlərin rəy və təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov, professor Ramiz Əliyev, professor Fərrux Rüstəmov, professor İbrahim Bayramov və digərləri magistr dissertasiya işlərinin keyfiyyətinin artırılması barədə təkliflər səsləndiriblər.
Sonda magistr dissertasiyalarının elmi səviyyəsinin yüksəldilməsi və tədqiqat prosesində keyfiyyət meyarlarının gücləndirilməsi prioritetlər kimi qeyd olunub.