Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO
Xocavənd, 8 oktyabr, AZƏRTAC
Azıx mağarasını ziyarət edirik. Müasir dövrdə baş verənləri gördükdən sonra qədim dövrlərə qayıtdıq. Burada tarix və arxeologiya haqqında çox şey öyrəndik və bu məlumatlarla tanış olmaq bizim üçün olduqca maraqlı idi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qarabağ və Şərqi Zəngəzura səfər edən dünya səyyahı Raiq Ridvan bildirib.
"Böyük Britaniyada həkim işləyirəm, əslən isə Banqladeşdənəm. Bu gün Qarabağa səfərimizin ilk günüdür. Füzulidən yola düşdük və daha sonra bura gəldik. Füzulinin hazırkı vəziyyətini görmək çox xoş oldu. Daha sonra Hadruta keçdik, burada gözəl mənzərələri seyr etdik, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə bağlı aparılan işləri və ərazidəki inkişaf prosesini gördük. İndi isə Azıx mağarasını ziyarət edirik”, – deyə o söyləyib.
Qeyd edək ki, dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Veleyin başçılığı ilə beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb. Budəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və s.) təxminən 40 nəfər daxildir. Səfər proqramına Azərbaycanın qədim tarixini və zəngin keçmişini özündə əks etdirən Alban məbədlərinin ziyarəti də daxildir. Bu, dünyanın əsas səyyah klublarının 2021–2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir. Səfərlər işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə yerində tanış olmağa imkan yaradır.
Müxbir: Aydın Yavərzadə