Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə “Sübutdan identikliyə: Bakı Dialoqu çərçivəsində itkin şəxslərin məhkəmə-tibbi ekspertiza, molekulyar genetika və DNT əsaslı identifikasiyası üzrə Beynəlxalq Ekspert Forumu” mövzusunda yan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bildirib ki, Qarabağın işğaldan azad edilmiş ərazilərindən indiyədək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 913 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları daxil olub.
O bildirib ki, laboratoriyalardan keçən sümük qalıqlarına əsasən, 474 şəxsə məxsus sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər (güllə və qəlpə yaralanmaları, küt alətlərlə və s.) aşkar edilib: "Skelet qalıqlarının məhkəmə-tibbi müayinələri başa çatdırıldıqdan sonra bu skeletlərin hər birindən bir neçə nahiyədən, xüsusilə də sağlam dişlərdən olmaqla, bioloji nümunələr götürülərək şəxsiyyətin məhkəmə-tibbi identifikasiyası məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin Genetik Araşdırmalar Mərkəzinə göndərilir. Artıq məhkəmə-molekulyar genetik ekspertizanın köməyi ilə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. İdentifikasiya prosesi də başa çatdırıldıqdan sonra sümük qalıqları ailələrə təhvil verilir", - deyə o qeyd edib.
Azərbaycan Milli Elnlər AkademiyasınınArxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev çıxışında Qarabağa son səfərlərinin uğurlu olduğunu qeyd edib. O deyib ki, 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib. Azərbaycanda 4 mindən artıq insanın itkin kimi qeydiyyatda olduğunu diqqətə çatdıran mütəxəssis deyib: "Bu günədək şahid ifadələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi nəticəsində, yəni əks tərəfdən alınan məlumatlar, həmçinin tikinti və torpaq işləri zamanı təsadüfən aşkar edilən insan qalıqlarının tədqiqi nəticəsində 1000-ə yaxın insanın qalıqları aşkarlanıb və müvafiq orqanlara təhvil verilib. Hazırda həmin şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir"
Polşalı tədqiqatçı Maqdelena İrena kütləvi məzarlıqların qalıqlarının tapılması prosesindən və peşəkar məhkəmə-tibbi ekspertizaya əməl etməyin vacibliyindən danışıb. Həmçinin qurumların şəffaf şəkildə məlumat mübadiləsi etməsinin vacibliyinə toxunub.
Ankara Universitetinin professoru, tanınmış antropoloq Ayla Sevim Erol çıxışında indiyə qədər 10 mindən çox skelet üzərində işlədiyini qeyd edib. O, həmçinin çıxışında azərbaycanlı 4 tələbəsinin olduğunu və onların hazırda işğaldan azad edilmiş ərazilərdə işlədiyini bildirib. Eyni zamanda, qarşılıqlı fəaliyyət zamanı dəstək prosesinin önəmli olduğunu vurğulayıb.
Baş Prokurorluğun nümayəndəsi Emin Ağayev çıxışında hazırda işğaldan azad edilmiş ərazilərdə axtarış və qazıntı işlərinin davam etdiyini diqqətə çatdırıb. O, həmçinin axtarış işlərinin aparılmasına çətinliklər yaradan amillərin olduğunu vurğulayıb. Qeyd edib ki, ərazilərin həddindən artıq minalar və partlamamış hərbi sursatlarla çirklənməsi, uzun müddət keçdiyinə görə sümüklərin eroziyaya uğrayaraq torpağa qarışması itkinlərə aid məzar yerlərinin dağılması, kəskin relyef və itkinlərin tapılması çətinliklər yaradır.
Tanınmış antropoloq Timur Gültəkin də çıxışında elm insanları olaraq problemlərin arxasınca gedib, onları həll etməyin vacibliyinə toxunub.
Ukraynalı mütəxəssis Andrey Genrikkoviç ölkəsində gedən müharibə zamanı həlak olan hərbçilərin cəsədlərinin eyniləşdirilməsi prosesinə dəstək verdiklərini qeyd edib. Vurğulayıb ki, 7 milyon insan Ukraynanı qaçqın kimi tərk edib. Bu da bioloji nümunələrin əldə edilməsi prosesində çətinlik yaradır.
Amerika Birləşmiş Ştatlarından olan mütəxəsssis Suni Edson çıxışında müxtəlif dövrlərdə baş verən müharibələr zamanı itkin düşən hərbçilərin tapılması prosesində iştirak etdiklərini vurğulayıb. Bildirib ki, 2026-cı ildə 250 itkin düşmüş amerikalı hərbçi tapılıb. O, DNT mütəxəssisləri ilə antropoloqların birgə işləməsinin vacibliyinə də toxunub.
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Genetik Araşdırmalar Mərkəzinin baş mütəxəssisi Cəmilə Bayramova bildirib ki, uzun illər müxtəlif xarici təsirlərə məruz qalmış insan qalıqlarının genetik identifikasiyası mürəkkəb proses olsa da, müasir metodlar və mütəxəssislərin yüksək hazırlığı bu çətinliklərin aradan qaldırılmasına imkan verir: "Mütəxəssislər əsasən uzun müddət müxtəlif təsirlərə məruz qalmış sümük nümunələri ilə işləyirlər. Zaman, torpağın xüsusiyyətləri, temperatur dəyişiklikləri və digər amillər DNT-nin deqradasiyasına səbəb olaraq tədqiqatı çətinləşdirir və xüsusi yanaşma tələb edir”.
Cəmilə Bayramovanın sözlərinə görə, belə hallarda genetik analizlər, o cümlədən müasir DNT texnologiyalarından istifadə mühüm rol oynayır. Referens nümunələrin əldə olunmasında yaranan çətinliklərə baxmayaraq, mütəxəssislər mövcud imkanlardan yararlanaraq identifikasiya prosesini davam etdirirlər. Baş mütəxəssis vurğulayıb ki, əməkdaşların peşəkar hazırlığı, müasir elmi metodların tətbiqi və hər bir nümunəyə fərdi yanaşma mürəkkəb halların həllinə imkan verir.
Tədbirə sual-cavab sessiyası ilə yekun vurulub.