Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB
Şuşa, 8 oktyabr, AZƏRTAC
Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun təxminən 40 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhəri ilə tanış olub. On üç ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahlar əvvəlcə Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib.
Bildirilib ki, otuz illik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şəhər işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Səyyahlar sonra Aşağı Gövhər Ağa məscidi, Sadıqcanın ev muzeyi, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları ilə tanış olublar.
Sonda Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Bu, dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir. Belə səfərlər səyyahlara işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə yerində tanış olmağa imkan yaradır.
Müxbir – Tahir Ağaməmmədov