Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib
London, 8 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Ali Məhkəməsi keçmiş şahzadə Endryu Mauntbetten-Vindzorun evlərində aparılan axtarışlar üçün verilmiş məhkəmə qərarlarının qanunsuz olduğunu müəyyən edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Temza Vadisi Polisi fevral ayında Endryunun həbsi zamanı onun evlərində axtarış aparılması üçün verilən qərarların hüquqi baxımdan düzgün olmadığını qəbul edib.
Bu gün keçirilən məhkəmə iclasında hakim Hilliard bildirib ki, Endryu Mauntbetten-Vindzor və polis arasında axtarış qərarlarının qanunsuz olması ilə bağlı razılıq əldə olunub. Bununla belə, hakim vurğulayıb ki, axtarış qərarlarının ləğvi cinayət istintaqının başa çatması və ya bütövlükdə qanunsuz hesab edilməsi demək deyil. Məhkəmənin qərarına əsasən, axtarışlar zamanı götürülən əşyalar 2027-ci ildə keçiriləcək növbəti məhkəmə iclasına qədər polisin nəzarətində qalacaq. Endryu Mauntbetten-Vindzor barəsində cinayət istintaqı davam edir.
Qeyd edək ki, keçmiş şahzadə fevralın 19-da vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılıb. Onun həbsi ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdən sonra baş verib. Həmin sənədlər Endryunun 2010-cu ildə Böyük Britaniyanın ticarət elçisi vəzifəsində çalışarkən məxfi məlumatları cinsi cinayətlərə görə məhkum olunmuş Cefri Epşteynə ötürdüyünü ehtimal etməyə əsas verib. Endryu Mauntbetten-Vindzor Epşteynlə əlaqələri çərçivəsində hər hansı qanunsuz əmələ yol verdiyini dəfələrlə təkzib edib.