Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır
Bakı, 9 oktyabr, AZƏRTAC
Müasir texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə etmək, eyni zamanda, onların mümkün mənfi təsirlərindən qorunmaq üçün uşaqlarda və gənclərdə təfəkkür, təhlil və düzgün seçim etmək bacarıqları formalaşdırılmalıdır. Bu prosesdə ailənin, valideynlərin və təhsil müəssisələrinin üzərinə mühüm məsuliyyət düşür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva oktyabrın 9-da Bakıda keçirilən “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans çərçivəsində “Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət” panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, müasir informasiya və texnologiya axınının qarşısını almaq mümkün deyil. Əsas məsələ ailənin və uşaqların bu dəyişikliklərə hazırlıqlı olması, onların qarşıya çıxan imkanları düzgün qiymətləndirmək bacarığının gücləndirilməsidir.
“Məktəbin vəzifəsi yalnız bilik verməklə məhdudlaşmamalıdır. Uşaqlara əldə etdikləri bilikləri tətbiq etmək, məlumatları təhlil etmək və düzgün seçim etmək bacarıqları da aşılanmalıdır. Bu yanaşma onların müasir texnologiyaların müsbət imkanlarından faydalanmasına və mümkün risklərə qarşı daha dayanıqlı olmasına kömək edəcək. Bu prosesdə valideynlərin məsuliyyəti xüsusilə böyükdür. Ailə və təhsil müəssisələrinin birgə fəaliyyəti uşaqların sağlam dünyagörüşünün formalaşmasına, müasir çağırışlara hazırlıqlı yetişməsinə və informasiya mühitində qarşılaşdıqları problemləri düzgün qiymətləndirməsinə şərait yaradır", - deyə komitə sədrinin müavini qeyd edib.
Fotoqraf - Səfiyar Məcnun