Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur
Bakı, 9 oktyabr, AZƏRTAC
Rəqəmsal texnologiyalar və süni intellekt cəmiyyətlərdə fundamental dəyişikliklərə səbəb olmaqla davamlı inkişaf, innovasiya və dövlət xidmətlərinin səmərəliliyinin artırılması üçün yeni imkanlar yaradır. Bununla yanaşı, sürətli texnoloji inkişaf, xüsusilə həssas qruplar üçün rəqəmsal kənarlaşdırma, kiberdələduzluq, manipulyasiya və şəxsi məlumatların məxfiliyinin pozulması kimi risklər doğurur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə ATƏT-in payız sessiyası çərçivəsində keçirilən III sessiyada – “Rəqəmsal dövrdə həssas qrupların müdafiəsi: süni intellekt, kibertəhlükəsizlik və insan hüquqlarına yönəlmiş hibrid təhdidlər” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
P.Kərimzadə bildirib ki, uşaqlar, yaşlı insanlar, əlilliyi olan şəxslər və rəqəmsal bacarıqları məhdud olan insanlar texnoloji dəyişikliklərin yaratdığı risklərlə daha çox üzləşə bilərlər. Buna görə də rəqəmsal transformasiya prosesində heç kimin geridə qalmaması əsas prinsip olmalıdır.
“Süni intellekt insanları gücləndirməli, bərabərsizlikləri azaltmalı və davamlı inkişafa dəstək verməlidir; yeni ayrı-seçkilik və ya kənarlaşdırma formaları yaratmamalıdır. Bu prinsip Azərbaycanın milli prioritetlərində də öz əksini tapır. 2025-ci ildə Azərbaycan 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasını qəbul edib. Strategiya milli süni intellekt ekosisteminin inkişafına, tədqiqat və innovasiyalara, infrastrukturun və insan kapitalının gücləndirilməsinə, habelə məsuliyyətli süni intellekt idarəçiliyinə yönəlib. Azərbaycan üçün süni intellektin inkişafı məsuliyyət, şəffaflıq, kibertəhlükəsizlik və insan hüquqlarına hörmət prinsipləri əsasında həyata keçirilməlidir. Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya siyasəti Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurası tərəfindən uğurla koordinasiya olunur”, - deyə o əlavə edib.
Deputat rəqəmsal inklüzivliyin və dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsinin də mühüm prioritet olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planı çərçivəsində “myGov” və “myGov Biznes” platformaları daha da inkişaf etdirilir, proaktiv rəqəmsal dövlət xidmətlərinin əhatə dairəsi genişləndirilir. Azərbaycanın rəqəmsal transformasiyasının əsas məqsədi həssas qrupların geridə qalmadığı, vətəndaşların hüquqlarının qorunduğu, innovasiyaların cəmiyyətə xidmət etdiyi təhlükəsiz və inklüziv rəqəmsal mühit yaratmaqdır.