Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH
Bakı, 9 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə səsləndirdiyi fikirlər ölkəmizin Mərkəzi Asiya regionu ilə münasibətlərinin yeni keyfiyyət mərhələsinə yüksəldiyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının çıxışı Azərbaycanın region dövlətləri ilə siyasi dialoqdan iqtisadi əməkdaşlığa, nəqliyyatdan energetikaya, investisiyadan rəqəmsal bağlantılara qədər geniş spektri əhatə edən çoxşaxəli tərəfdaşlıq siyasətinin strateji məzmununu aydın şəkildə ortaya qoydu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Deputat bildirib ki, Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul olunması regionun siyasi və iqtisadi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin təbii inkişafının məntiqi nəticəsidir. Bu qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın region dövlətləri tərəfindən etibarlı və konstruktiv tərəfdaş kimi qəbul edildiyini göstərir. Prezident İlham Əliyevin çıxışında Türkmənistanın və şəxsən Türkmənistanın Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycanın bu formatda tamhüquqlu iştirakının təşəbbüskarı kimi xüsusi qeyd edilməsi iki ölkə arasındakı yüksək səviyyəli siyasi münasibətlərin göstəricisidir.
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi təsadüfi xarakter daşımır. Tarixi-mədəni yaxınlıq, ortaq dəyərlər, qarşılıqlı hörmət və strateji maraqlar bu münasibətlərin möhkəm təməlini təşkil edir.
Azərbaycan-Türkmənistan münasibətlərinin son dövrdə dinamik inkişafı bunun bariz nümunəsidir. Ötən ildən etibarən ən yüksək səviyyədə artıq beş qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və tərəflərin münasibətləri daha da dərinləşdirmək əzmini nümayiş etdirir. Xüsusilə Füzuli şəhərində məscidin tikintisi ilə bağlı təşəbbüs iki xalq arasındakı mənəvi yaxınlığın və qardaşlıq münasibətlərinin mühüm rəmzlərindən biridir. Türkmənistanın bu layihəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına göstərilən qardaş dəstəyinin mühüm nümunəsi kimi tarixə düşür.
Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı regionlararası həmrəyliyin mühüm göstəricisidir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi qardaş ölkələrin quruculuq prosesinə töhfəsinin konkret ifadəsidir. Bu layihələr xalqlarımız arasında tarixi və mənəvi bağların gələcək nəsillərə ötürülməsinə xidmət edir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin inkişafı da diqqətə çatdırılıb. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin 50 faizdən çox artması, Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi iqtisadi əməkdaşlığın genişləndiyini göstərir. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması tərəfdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, əsas prioritetlər qarşılıqlı ticarəti artırmaqla yanaşı, birgə investisiyaları genişləndirmək, yeni istehsal müəssisələri yaratmaq və məhsulları xarici bazarlara çıxarmaqdır.
“Nəqliyyat sahəsi Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının strateji istiqamətlərindəndir. Azərbaycanın liman, hava limanı, dəmir və avtomobil yollarına yatırdığı investisiyalar Orta Dəhlizin əhəmiyyətini artıraraq regionun dünya bazarlarına çıxış imkanlarını genişləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il marşrut üzrə tranzit yükdaşımaların həcminin 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artması onun iqtisadi potensialını göstərir. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzərin dibi ilə fiber-optik xətlərin inkişafı da regionda rəqəmsal bağlantıları gücləndirir.
Energetika sahəsində Azərbaycan Mərkəzi Asiya resurslarının beynəlxalq bazarlara nəqlində mühüm tranzit rolunu oynayır. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinin artması, eləcə də Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində əməkdaşlıq yeni imkanlar yaradır. Yaşıl enerji dəhlizinin yaradılması və bərpaolunan enerji mənbələrinin inkişafı regionun Avropa ilə enerji əlaqələrinin genişlənməsinə töhfə verə bilər”, - deyə deputat əlavə edib.
Mehriban Vəliyeva qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin bugünkü səviyyəsi ardıcıl və praqmatik xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Türk dünyasının birliyinin gücləndirilməsinə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji bağlantılarının inkişafına töhfə verir. Bu əməkdaşlıq Azərbaycanın regional və qlobal mövqeyini möhkəmləndirir.
Türkmənbaşı görüşü Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin ikitərəfli əməkdaşlıqdan geniş regional strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir.