Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub
Bakı, 9 oktyabr, AZƏRTAC
Özbəkistanın Daşkənd şəhərində keçirilən “Cyber Security Summit - Central Eurasia 2026”da Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) nümayəndə heyəti iştirak edib.
AKTA-dan AZƏRTAC-a verilən məlumata görə, Assosiasiyanı tədbirdə icraçı direktor Rauf Cabarov və Baş katib Fidan Əhmədova təmsil ediblər. Həmçinin tədbirdə AKTA-nın qızıl üzvləri “Cybersign” və “Megasec” şirkətləri də yer alıb. “Megasec” tədbirdə öz stendi ilə təmsil olunub. Tədbir çərçivəsində “Huawei” şirkətinin nümayəndəsi, AKTA eksperti Cavid Şahmuradov təqdimatla çıxış edib.
Səfər çərçivəsində AKTA təmsilçiləri “Cyber Park”ın nümayəndələri ilə görüş keçiriblər. Görüşdə təşkilatlar arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və kibertəhlükəsizlik ekosistemləri arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Həmçinin AKTA üzv şirkətlərinin Özbəkistan bazarına çıxış imkanları, beynəlxalq tədbir və sərgilərdə iştirakı, B2B əlaqələrin qurulması, yeni tərəfdaşlıqların yaradılması və birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Səfər çərçivəsində Özbəkistan IT Təhsil Assosiasiyası ilə görüş keçirilib. Görüşdə IT və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, təhsil və kadr hazırlığı üzrə təcrübə mübadiləsi, birgə təlim və layihələrin təşkili, eləcə də iki ölkənin mütəxəssisləri arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Bununla yanaşı, AKTA nümayəndələri Özbəkistan Süni İntellekt Assosiasiyası və Özbəkistan Kibertəhlükəsizlik Universiteti ilə müzakirələr aparıblar. Tədbirdə Gürcüstan Rəqəmsal İdarəetmə Agentliyinin sədrinin müavini Nino Gozalishvili ilə görüş mümkün olub. Həmçinin AKTA Məşvərət Şurasının üzvü, “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə Baş Kibertəhlükəsizlik və Məxfilik Direktoru Corey Deng ilə AKTA və “Huawei” arasında mövcud əməkdaşlıq çərçivəsində süni intellektin təhlükəsizliyi üzrə “ağ sənəd”in hazırlanması razılaşdırılıb.
“Cyber Security Summit - Central Eurasia 2026” tədbiri və səfər çərçivəsində keçirilən görüşlər Azərbaycan və Özbəkistan arasında kibertəhlükəsizlik və IT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, AKTA üzv şirkətləri üçün yeni regional imkanların yaradılması və peşəkar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olub.
Xüsusi vurğulayaq ki, Sammit çərçivəsində keçirilən “CYBERKENT 4.0” beynəlxalq kibertəhlükəsizlik yarışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarından ibarət “Blue Team” komandası 3-cü yeri qazanıb.