Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xarici siyasətində regional əməkdaşlığın genişləndirilməsinə, beynəlxalq əlaqələrin inkişafına və milli maraqların qorunmasına xüsusi əhəmiyyət verib. Bu baxımdan Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlıq Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. MDB-yə sədrlik etmək ölkəyə üzv dövlətlər arasında dialoqun inkişaf etdirilməsi, iqtisadi və siyasi əlaqələrin möhkəmləndirilməsi, eləcə də milli maraqların beynəlxalq səviyyədə təşviqi üçün əlavə imkanlar yaradır. Bu baxımdan 2028-ci ildə MDB sədrliyin Azərbaycana keçməsi həm siyasi-diplomatik, həm də geosiyasi və iqtisadi baxımdan əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın MDB çərçivəsində fəal iştirakı onun regional proseslərdə rolunun artırılmasına, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə xidmət edir. Bu formata sədrliyin, ilk növbədə, siyasi və diplomatik üstünlüklərini qeyd etmək lazımdır. Azərbaycanın MDB-yə sədrliyinin əsas faydalarından biri ölkənin siyasi və diplomatik mövqeyinin gücləndirilməsidir. Sədrlik edən dövlət təşkilatın gündəliyinin formalaşdırılmasında, üzv ölkələr arasında müzakirələrin təşkilində və ortaq təşəbbüslərin irəli sürülməsində fəal rol oynamaq imkanı əldə edir. Bu imkanlar Azərbaycanın digər üzv dövlətlərlə siyasi dialoqunu genişləndirməsinə, qarşılıqlı etimadı artırmasına və regional məsələlər üzrə əməkdaşlığı inkişaf etdirməsinə şərait yaradır. Eyni zamanda, Azərbaycan özünün suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyini daha geniş diplomatik müstəvidə ifadə edə bilər.
Sədrlik ölkənin diplomatik təcrübəsinin artmasına, dövlət qurumları arasında koordinasiyanın güclənməsinə və beynəlxalq tədbirlərin təşkili sahəsində imkanlarının nümayiş etdirilməsinə də kömək edir.
Bununla yanaşı, MDB-yə sədrlik iqtisadi əməkdaşlığın genişlənməsinə də şərait yaradır. Birlik ölkələri ilə ticarət əlaqələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi və yeni investisiya imkanlarının yaradılması Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərən amillərdi. Ölkəmizin enerji resursları, nəqliyyat infrastrukturu və əlverişli coğrafi mövqeyi regional iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradır. Sədrlik dövründə bu üstünlüklərin daha səmərəli təqdim edilməsi, iqtisadi forumların təşkili və biznes əlaqələrinin genişləndirilməsi mümkündür. Xüsusilə sənaye, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, turizm və xidmət sahələrində birgə layihələrin təşviqi iqtisadi tərəfdaşlığın şaxələndirilməsinə kömək edə bilər. Bununla yanaşı yeni bazarlara çıxış imkanlarının artması yerli istehsalçıların fəaliyyətinə və qeyri-neft sektorunun inkişafına dəstək verə bilər.
Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşaqlarından biridir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkənin regional əhəmiyyətini artırır. MDB-yə sədrlik bu imkanların üzv dövlətlərlə əməkdaşlıq çərçivəsində daha geniş şəkildə təşviq olunmasına geniş mühit yaradacaq. Nəqliyyat dəhlizlərinin inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal logistika sistemlərinin tətbiqi və tranzit daşımalarının səmərəliliyinin artırılması regional ticarətin genişlənməsinə xidmət edir. Bu sahədə əməkdaşlığın güclənməsi Azərbaycanın tranzit gəlirlərinin artmasına, yeni iş yerlərinin yaradılmasına və ölkənin beynəlxalq nəqliyyat sistemində mövqeyinin möhkəmlənməsinə töhfə olacaq.
Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələləri dövlətlərarası əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. MDB çərçivəsində mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alverinə və kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq imkanları mövcuddur və bu regional təhlükəsizliyin dayanıqlı formada təmin olunmasında mühüm xarakter daşıyır. Azərbaycanın sədrliyi belə məsələlərin müzakirəsinə və praktiki əməkdaşlığın genişləndirilməsinə üzv dövlətlərin də maraqlarına cavab verir. Təcrübə mübadiləsi, müvafiq qurumlar arasında əlaqələrin gücləndirilməsi və informasiya mübadiləsi regional sabitliyə töhfə verəcək. Bununla belə, bu əməkdaşlıq Azərbaycanın milli maraqları, suverenliyi və beynəlxalq öhdəlikləri nəzərə alınmaqla həyata keçirilməlidir. Sədrliyin səmərəliliyi irəli sürülən təşəbbüslərin konkret nəticələrə çevrilməsindən asılıdır.
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün olduqca böyük təcrübəsi var. COP29, WUF13 kimi qlobal xarakterli tədbirləri uğurla həyata keçirən Azərbaycan sözsüz ki, MDB-nin tədbirlərini də uğurla həyata keçirəcək. Sədrlik Azərbaycanın yalnız regional əməkdaşlıqda deyil, daha geniş beynəlxalq münasibətlər sistemində də fəal tərəfdaş kimi tanınmasına təkan verəcək. Müxtəlif dövlətlər arasında dialoqun təşviqi, qarşılıqlı faydalı təşəbbüslərin dəstəklənməsi və ortaq problemlərin həllinə yönəlmiş fəaliyyət ölkənin diplomatik nüfuzunu artıran amillərdir.
MDB-yə sədrlik Azərbaycan üçün təkcə diplomatik vəzifə deyil, həm də milli maraqların təşviqi, regional əməkdaşlığın gücləndirilməsi və ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli fürsət kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu yalnız MDB üzvləri tərəfindən deyil, eyni zamanda, Avropa və Asiya qurumları tərəfindən dəstəklənir. Bu dəstək Azərbaycanın regionda yaratdığı reallıqlardan irəli gəlir. Azərbaycan sülh və iqtisadi əməkdaşlıq təklif edir. Bunun üçün Orta Dəhliz, Şimal-Cənub beynəlxalq Nəqliyyat Dəhlizi, Yaşıl Enerji Dəhlizi layihələrini irəli sürür ki, bunlar da təkcə region deyil, Avropanın da marağına səbəb olur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə MDB-yə sədrlik edəcək. Əvvəlki illərdə Ermənistan–Azərbaycan münaqişəsi ölkəmizin bu funksiyanı üzərinə götürməsinə mane olan əsas amillərdən biri idi. Bu münaqişə də artıq tarixə qovuşub və əməkdaşlıq üçün perspektivlər açıb. Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Türk Dövlətləri Təşkilatı (TDT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və MDB çərçivəsində sədrlik funksiyalarını həyata keçirən ölkə olacaq. Bundan əlavə, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Azərbaycana keçir və təşkilatın Zirvə görüşü ölkəmizdə olacaq. 2028-ci ildə isə Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanın beynəlxalq siyasətdə sadəcə aktor olduğunu deyil fəal siyasət aparan orta güc olduğunu deməyə əsas verir.