Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir
Bakı, 9 oktyabr, AZƏRTAC
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin kəskinləşdiyi bir şəraitdə Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqlarını qorumaq, tərəfdaşlıq imkanlarını genişləndirmək və müstəqil qərarvermə qabiliyyətini saxlamaq baxımından mühüm üstünlük yaradır. Enerji resursları, strateji coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və Türkiyə ilə güclü tərəfdaşlığı Azərbaycanın beynəlxalq sistemdəki əhəmiyyətini artıran əsas amillərdəndir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi şərhçi Emre Diner Azərbaycanın xarici siyasətinin prioritetlərini və regional mövqeyini şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda bir çox ölkə təhlükəsizlik, enerji və iqtisadiyyat sahələrində müəyyən güc mərkəzlərindən asılılığını artırdığı halda, Azərbaycan müxtəlif tərəfdaşlarla əlaqələrini inkişaf etdirməklə seçim imkanlarını genişləndirir. Bu siyasətin üstünlüyü yalnız diplomatik təmaslarla məhdudlaşmır. Ticarət bazarlarının və investisiya mənbələrinin şaxələndirilməsi, regional böhranlar zamanı əlaqə kanallarının qorunması ölkənin müstəqil fəaliyyət imkanlarını gücləndirir. Azərbaycanın strateji əhəmiyyəti onun müxtəlif tərəfdaşların maraqlarına cavab verə bilməsi ilə də bağlıdır. Avropa üçün enerji təchizatının şaxələndirilməsi, Çin üçün ticarət əlaqələrinin genişləndirilməsi, Mərkəzi Asiya ölkələri üçün isə qərb bazarlarına çıxış imkanları Azərbaycanın regional mövqeyini gücləndirir. Bu maraqların Xəzər hövzəsində və Cənubi Qafqazda kəsişməsi ölkəyə iqtisadi miqyasından daha geniş geosiyasi əhəmiyyət qazandırır. Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri enerji, nəqliyyat və ticarət sahələrindəki üstünlükləri bir-birini tamamlayan iqtisadi əlaqələr sisteminə çevirməkdir.
“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında əsas prioritetlərdən biri nəqliyyat və logistika proseslərinin əlaqələndirilməsi olmalıdır. Vahid rəqəmsal sənədlərdən istifadə, gömrük prosedurlarının uyğunlaşdırılması, müntəzəm dəniz daşımalarının təşkili və yüklərin hərəkətinin izlənilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini artıra bilər. Bu sahələrdə praktiki həllərin tətbiqi Azərbaycanın marşrut boyunca mövqeyini möhkəmləndirməklə yanaşı, tərəfdaş ölkələrin də nəqliyyat xərclərini azaldar. Türkiyə ilə tərəfdaşlıq bu strategiyanın mühüm dayaqlarından biridir. Azərbaycanın Xəzər hövzəsi və Mərkəzi Asiya ilə əlaqələri Türkiyənin istehsal imkanları, bazarları və Avropaya çıxışı ilə qarşılıqlı şəkildə tamamlanır. İki ölkə arasında mövcud siyasi münasibətlər nəqliyyat, enerji, müdafiə sənayesi və texnologiyalar sahəsində uzunmüddətli layihələrin inkişafı üçün əlverişli zəmin yaradır. Bu əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional potensialını daha böyük iqtisadi məkana daşımasına imkan verə bilər”, - deyə siyasi şərhçi vurğulayıb.
Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən əsas istiqamətlər
Emre Dinerin fikrincə, Azərbaycanın tranzit ölkə kimi qazandığı gəlirlərlə kifayətlənməməsi, nəqliyyat marşrutları ətrafında əlavə iqtisadi dəyər yaradan sahələri də inkişaf etdirməsi vacibdir. Logistika mərkəzləri, anbar və texniki xidmət obyektləri, istehsal müəssisələri və emal sənayesi tranzit imkanlarının daha geniş iqtisadi nəticələr doğurmasına şərait yarada bilər. Bunun üçün investorların proqnozlaşdırıla bilən hüquqi mühitə, ixtisaslı işçi qüvvəsinə və maliyyə imkanlarına çıxışının təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Enerji diplomatiyası Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən əsas istiqamətlərdəndir. Enerji təchizatı mənbələrini şaxələndirmək istəyən Avropa ölkələri üçün Azərbaycan etibarlı tərəfdaşdır.
“Azərbaycanın diplomatik imkanları müxtəlif tərəflərlə konkret məsələlər üzrə praktiki nəticələr əldə etmək bacarığında da özünü göstərir. Ölkə texniki danışıqların asanlaşdırılması, humanitar məsələlərdə əlaqələrin qurulması və iqtisadi problemlərin həlli üçün dialoqun təşviqi kimi istiqamətlərdə töhfə verə bilər. Diplomatik nüfuz yalnız görüşlərə ev sahibliyi etməklə deyil, həmin görüşlərin konkret nəticələrə gətirib çıxarması ilə güclənir. Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və D-8 kimi çoxtərəfli platformalarda iştirakı da beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Bu platformalarda inkişafın maliyyələşdirilməsi, ərzaq təhlükəsizliyi, təhsil, enerji təminatı və ticarətin asanlaşdırılması kimi məsələlər üzrə praktiki təşəbbüslərin irəli sürülməsi mümkündür”, - deyə siyasi şərhçi vurğulayıb.
O hesab edir ki, qarşıdakı dövrdə Azərbaycanın əsas sınaqlarından biri böyük güclərin tərəfdaşlarından daha konkret siyasi və iqtisadi seçimlər tələb etməsi ola bilər. Buna görə tərəfdaşların sayını artırmaqla yanaşı, yeni asılılıqların yaranmasının qarşısını almaq da əhəmiyyətlidir. Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi, iqtisadi qaydaların proqnozlaşdırıla bilən olması və regional əməkdaşlığın inkişafı Azərbaycanın mövcud üstünlüklərini daha da gücləndirə bilər.
Müxbir - Səbinə Əlizadə