Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
Stokholm, 9 oktyabr, AZƏRTAC
Polşada Varşava yaxınlığındakı məktəblərdə bu həftə baş vermiş iki bıçaqlı hücumdan sonra polis 10 yeniyetməni saxlayıb. Saxlanılanların əksəriyyəti şagirdlərə qarşı təhdidlərdə şübhəli bilinir.
AZƏRTAC Norveçin “Aftenposten” nəşrinə istinadla xəbər verir ki, hücumlardan sonra sosial şəbəkələrdə guya “qanlı cümə”nin hazırlandığı barədə məlumatlar yayılmağa başlayıb. Bununla əlaqədar hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirərək ölkə üzrə təxminən 10 min məktəbə polis əməkdaşları göndərib. Hakimiyyət orqanları, həmçinin yeni hücumlara səbəb ola biləcək dezinformasiyanın yayılmasına yol verməməyə çağırıblar.
Saxlanılanlar arasında sinif çatında bıçağın fotosunu paylaşaraq digər şagirdləri təhdid edən 13 yaşlı yeniyetmə, eləcə də məktəbin ərazisində üzərində bıçaq və fişənglər aşkar edilmiş 14 yaşlı şagird var. Daha iki 15 yaşlı yeniyetmə konkret şəxsləri təhdid edən videolar paylaşıb.
Çərşənbə günü Varşavanın şimal-şərqində yerləşən peşə məktəbində 19 yaşlı gəncin bıçaqla törətdiyi hücum nəticəsində cinayətkarın özü də daxil olmaqla 10 nəfər xəsarət alıb. Başqa bir yaşayış məntəqəsində isə əvvəllər həmin məktəbdə təhsil almış 15 yaşlı yeniyetmə ibtidai məktəbin əməkdaşlarına bıçaqla hücum edib. Hadisə nəticəsində 37 yaşlı qadın ölüb, daha iki nəfər yaralanıb.