Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən “Heydər Əliyev dərsləri” 2026/2027-ci tədris ilində də davam etdirilir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, birinci kurs tələbələrini əhatə edən dərslərin növbəti məşğələsində Tarix və coğrafiya fakültəsinin tələbələri iştirak ediblər. Məşğələdə Mərkəzin müdiri Tahir Süleymanovun məruzəsi dinlənilib. O, Ulu Öndərin Azərbaycan tarixindəki yeri və rolu haqqında məlumat verib. Sonra dünyanın görkəmli dövlət xadimlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər slayd şəklində nümayiş olunub.
Dərsin növbəti hissəsi ekskursiya formatında davam edib. Mərkəzin mütəxəssisi Tərlan Ağayev tələbələrə burada nümayiş olunan eksponatlar, arxiv sənədlərinin surətləri və fotoşəkillər haqqında ətraflı məlumat verib.
Daha sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, zəngin siyasi irsinə həsr olunmuş sənədli filmi izləyiblər. Dərsin son hissəsində tələbələrə mövzu ilə bağlı suallar təqdim olunub, qarşılıqlı sual-cavab və diskussiya aparılıb.
“Heydər Əliyev dərsləri“ tədris ili müddətində universitetin müxtəlif fakültə və qruplarında mütəmadi olaraq davam etdiriləcək.