Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan aşıq sənətinin tarixi qaynaqları, ozan-aşıq transformasiyası və Borçalı aşıq mühitinin regional əlaqələri müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev bildirib. O bildirib ki, Borçalı aşıq mühiti təcrid olunmuş ənənə kimi deyil, Gəncəbasar, Urmiya, Qars və digər aşıq arealları ilə tarixi-mədəni əlaqələr şəraitində formalaşmış sənət sistemi kimi nəzərdən keçirilməlidir. Bu yanaşma həm sənətkarın fərdi yaradıcılıq xüsusiyyətlərini, həm də onun mənsub olduğu ənənənin daha geniş mədəni əlaqələrini müəyyənləşdirməyə imkan verir. Alim Azərbaycan aşıq sənətinin tarixi qaynaqlarının türk mifoloji dünyagörüşü və qədim inanc sistemləri (tanrıçılıq, şamanizm), təkkə-təsəvvüf ədəbiyyatı, orta əsrlərin yazı mədəniyyəti və klassik ədəbi ənənələrlə əlaqəli şəkildə öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Ozan-aşıq transformasiyası, sənətin fəlsəfi-kulturoloji və ideoloji funksiyaları və missiyası, eləcə də müxtəlif tarixi mərhələlərdə dəyişən ifaçılıq formaları və mədəni təsirlər Azərbaycan aşıq sənətinin təşəkkül və inkişaf mexanizmlərinin araşdırılması baxımından mühüm elmi istiqamətlərdir.
Hikmət Quliyev qeyd edib ki, Azərbaycan aşıq sənətinin türk xalqlarının ənənəvi sənət formaları ilə müqayisəli tədqiqi də yeni elmi perspektivlər açır. Ozan, aşıq, baxşı, akın və jirau ənənələrinin müqayisəsi ortaq mədəni yaddaşın xüsusiyyətlərini, tarixi əlaqələri və regional fərqləri müəyyənləşdirməyə imkan verir. Bu müqayisədə ortaq cəhətləri üzə çıxarmaqla yanaşı, hər bir ənənənin özünəməxsus inkişaf yolunu və ifaçılıq xüsusiyyətlərini də nəzərə almaq vacibdir.
Alimin fikrincə, saz ifaçılığı və dastan söyləmə ənənəsi xüsusi mövqeyə malikdir. Aşıq Hüseyn Saraçlının irsi də məhz bu baxımdan diqqətlə araşdırılmalıdır. Onun aşıq şeirinin müxtəlif şəkillərindəki yaradıcılığı ilə yanaşı, saz ifaçılığı, özünəməxsus dastan söyləmə texnikası və xüsusilə “Koroğlu” dastanının ifası sənətkarın fərdi yaradıcılıq üslubunu və Borçalı aşıq ənənəsinin səciyyəvi cəhətlərini öyrənmək üçün əhəmiyyətli materialdır.
Hikmət Quliyev aşıq sənətinin yalnız şeir mətnləri və ədəbi yaradıcılıq nümunələri əsasında təhlilinin onun mahiyyətini tam əhatə etmədiyini bildirib. Müasir sosial-antropoloji folklorşünaslıq bu sənətə canlı kommunikasiya və performans hadisəsi kimi yanaşmağa imkan verir. Belə tədqiqatlarda söz və sazla yanaşı, ifaçının fərdi üslubu, auditoriya ilə münasibəti, ifanın baş verdiyi sosial-mədəni şərait və dinləyicilərin iştirakı da nəzərə alınır. Folklor mətninin mənası yalnız sözlərin məzmununda deyil, həm də onun necə, harada, kim tərəfindən və hansı şəraitdə ifa olunmasında meydana çıxır.
Müxbir - Tünzalə Arazlı