Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib
Paris, 9 oktyabr, AZƏRTAC
Belçikada hökumətin qənaət siyasətinə etiraz olaraq keçirilən ümummilli tətil ölkə üzrə nəqliyyatın fəaliyyətində ciddi fasilələrə, məktəblərdə dərslərin dayandırılmasına və bir sıra bələdiyyə xidmətlərinin pozulmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, iki böyük həmkarlar ittifaqının çağırışı ilə işçilər dövlət xərclərinin azaldılmasına və planlaşdırılan büdcə ixtisarlarına etiraz olaraq, bir günlük tətilə qoşulublar. Brüsseldə ictimai nəqliyyatın əksər metro, avtobus və tramvay reysləri ləğv edilib, fəaliyyətini davam etdirən marşrutlarda isə interval artırılıb. Flamand və Vallon bölgələrində də nəqliyyat xidmətlərində ciddi çətinliklər yaranıb.
Tətil müəllimləri və hava limanı əməkdaşlarını da əhatə edib. Brüssel və Valloniyada bir sıra fransızdilli məktəblərdə dərslər dayandırılıb. Yerüstü xidmətlərə cavabdeh Alyzia şirkətinin əməkdaşlarının işə çıxmaması nəticəsində Brüssel hava limanında təxminən 140 uçuş ləğv edilib. Məişət tullantılarının yığılması da daxil olmaqla, bələdiyyə xidmətlərində fasilələr qeydə alınıb.
Tətil çərçivəsində Brüssel Mərkəzi vağzalından Brüssel-Cənub vağzalına qədər yürüş keçirilib. Nümayişçilər büdcə ixtisarlarına, ƏDV-nin mümkün artırılmasına, iş vaxtının yenidən təşkilinə və əməkhaqlarının avtomatik indeksasiyasına məhdudiyyət qoyulması planlarına etiraz ediblər.
Həmkarlar ittifaqlarının fikrincə, hökumətin nəzərdə tutduğu islahatlar işçilərin alıcılıq qabiliyyətini zəiflədir və əmək şəraitini pisləşdirir.
Son dövrlərdə Belçikada tətil və etiraz aksiyaları intensivləşib. Dövlət sektoru əməkdaşlarının növbəti tətilinin isə oktyabrın 12-də keçirilməsi planlaşdırılır.