İranlı səyyah: Qarabağ çox gözəldir
Ağdərə, 9 oktyabr, AZƏRTAC
Dünya səyyahları Qarabağa səfərləri çərçivəsində Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər Monastır Kompleksini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər iştirakçılarından olan iranlı səyyah Nima Beni monastırın tarixi və ətraf ərazinin təbii gözəllikləri barədə təəssüratlarını bölüşüb.
O bildirib ki, Qarabağın füsunkar təbiəti, xüsusilə də monastıra aparan yol onda böyük təəssürat yaradıb.
“Burada gördüklərim məni heyran edir. Biz bir qrupla səyahət edirik və qrupumuzdakı insanların çoxu dünyanın müxtəlif ölkələrində olub. Hesab edirəm ki, bu məkanlar, həqiqətən, böyük təəssürat yaradır. Bugünkü səfərdə ən çox xoşuma gələn isə yoldur. Yol inanılmaz dərəcədə gözəldir. Monastırları sevirəm, onların daxilinə daxil olub, tarixi və digər xüsusiyyətləri ilə tanış olmaq mənim üçün maraqlıdır. Ancaq bu dəfə yolun gözəlliyi məni, xüsusilə valeh etdi. Burada böyük təzad hiss olunur. Səfər zamanı ziyarət etdiyimiz ilk monastırın ətrafında fərqli ağac növləri var idi. Bura isə daha çox “Qarabağ İsveçrəsi”ni xatırladır. Ətrafdakı yaşıllıq, gözəl ağaclar və ümumi mənzərə insana xüsusi zövq verir. Qarabağ çox gözəl regiondur”, – deyə iranlı səyyah bildirib.
Müxbir – Elcan Məmmədov