Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Vəkillər Kollegiyasının (VK) təşkilatçılığı ilə Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransı - "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə işə başlayıb.
Sonra EYBA-nın vitse-prezidenti Federiko Kamurati çıxış edərək bildirib ki, süni intellekt işimizi daha səmərəli, sürətli və dəqiq həyata keçirməyə imkan yaradıb: "Bu, xüsusilə də ətraflı nəzərdən keçirməli olduğumuz sənədlərin və məlumatların həcmi çox böyük olduqda əhəmiyyət kəsb edir. Çünki belə hallarda səhv ehtimalı əhəmiyyətli dərəcədə artır. Beləliklə, süni intellekt artıq reallıqdır. O, bizim gələcəyimizlə bağlı fərziyyə deyil ki, istəsək, ondan kənarda qalaq. Süni intellekt artıq bu günümüzün bir hissəsidir və biz bu reallıqla barışmalı, onu qəbul etməyi öyrənməliyik".
Daha sonra VK-nın sədri Anar Bağırov beynəlxalq konfransın iştirakçılarına videomüraciətini səsləndirib. O bildirib ki, EYBA-ya ev sahibliyi etmək Avropanın müxtəlif ölkələrindən olan gənc və iddialı həmkarları qarşılamaq, təcrübəni bölüşmək və hüquq ictimaiyyətləri arasında əlaqələri daha da gücləndirmək üçün gözəl fürsətdir. “Süni intellekt həyatımızın demək olar ki, bütün sahələrində getdikcə daha mühüm rol oynayır, işləmək, ünsiyyət qurmaq və qərarlar qəbul etmək üsullarımızı dəyişdirir. Onun təsiri artdıqca, bu prosesləri hüquqi müstəvidə müzakirə etmək, eləcə də süni intellektin yaratdığı imkan və çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək xüsusi əhəmiyyət kəsb edir”, - deyə VK-nın sədri diqqətə çatdırıb.
Açılış mərasimindən sonra "Hüquq praktikasında və məhkəmə sistemində süni intellekt", "Süni intellekt və fundamental hüquqlar", "Süni intellektin idarəedilməsi və məlumatların qorunması" adlı panel və interaktiv təlim sessiyaları olub.
Qeyd edək ki, beynəlxalq tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən 80-dən çox gənc vəkil və hüquqşünas Bakıda bir araya gəlib.
Gənc vəkillər konfransda vəkillik peşəsinin inkişafı, hüquq sahəsində müasir çağırışlar və peşənin gələcəyi ilə bağlı fikir və təcrübə mübadiləsi aparıblar.
Konfransın əsas müzakirə mövzularını süni intellekt, məlumatların mühafizəsi və rəqəmsal hüquqlar sahəsində baş verən son yeniliklər, habelə bu istiqamətdə formalaşan müxtəlif yanaşmalar təşkil edib.