“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabr ayı Disleksiya Maarifləndirmə Ayıdır. Bu ayın 5-dən 11-dək olan günlər isə Disleksiya Maarifləndirmə Həftəsi kimi qeyd olunur. Bəs disleksiyanı necə tanımaq olar? Hansı əlamətlər valideyn və müəllim üçün siqnal olmalıdır? Oxumaqda çətinlik yaşayan hər uşaq disleksiyalı hesab edilə bilərmi?
Pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti Samirə Həsənova mövzu ilə bağlı AZƏRTAC-ın sualalrını cavablandırıb.
– Disleksiya Maarifləndirmə Həftəsi hansı məqsədə xidmət edir və nə üçün əhəmiyyətlidir?
– Belə təşəbbüslərin əsas məqsədi yalnız məlumatlandlandırma ilə məhdudlaşmır. Burada disleksiyanın düzgün anlaşılmasına, disleksiyalı şəxslərin təlim tələbatlarının nəzərə alınmasının vacibliyinə diqqət yönəldilir.
Maarifləndirmənin mühüm istiqamətlərindən biri də disleksiya haqqında yanlış təsəvvürlərin aradan qaldırılmasıdır. Məsələn, uşaq oxuyarkən tez-tez dayanır, sözləri hecalayır, oxu ilə bağlı tapşırıqları yerinə yetirmək üçün daha çox vaxta ehtiyac duyur və ya davamlı oxu çətinliyi yaşayırsa, onu “diqqətsizdir”, “tənbəldir”, “çalışmır” kimi ifadələrlə etiketləmək əvəzinə ilk növbədə çətinliyin səbəbini araşdırmaq lazımdır.
– Bəs əslində disleksiya nədir?
– Disleksiya oxu bacarığının mənimsənilməsinə təsir göstərən xüsusi öyrənmə çətinliyidir. Disleksiyanı yalnız hərflərin qarışdırılması ilə əlaqələndirmək onun mahiyyətini tam əks etdirmir.
– Valideynlər bəzən uşağın bir neçə hərfi qarışdırmasını da disleksiya ilə əlaqələndirirlər. Hansı hallarda diqqətli olmaq lazımdır?
– Bir əlamət əsasında disleksiya haqqında nəticə çıxarmaq mümkün deyil. Xüsusilə savad təliminin ilk mərhələsində öyrənmə prosesində müəyyən səhvlər müşahidə oluna bilər. Çətinliyin davamlılığına və xarakterinə diqqət yetirmək vacibdir.
Uşaq uzun müddət sözləri dəqiq və sürətli oxumaqda, səsləri birləşdirməkdə və oxu bacarığını avtomatlaşdırmaqda nəzərəçarpacaq çətinlik yaşayırsa, bu xüsusiyyətlər sistemli şəkildə izlənilməlidir. Valideynlər və müəllimlər müşahidələrinin qeydiyyatını aparmalı, zərurət yarandıqda müvafiq mütəxəssisə müraciət etməlidirlər.
– “Ağıllıdır, amma niyə oxuya bilmir?” sualını tez-tez eşidirik. Disleksiya ilə intellekt arasında əlaqə varmı?
– Oxu bacarığındakı çətinliyi insanın ümumi intellektual imkanları ilə eyniləşdirmək, yalnız oxu nəticələrinə əsaslanaraq şagirdin ümumi potensialı haqqında qənaətə gəlmək düzgün yanaşma deyil. Oxu bacarığı ilə öyrənmə potensialı fərqli anlayışlardır.
– Bəs “çox məşq etsin, düzələr” yanaşması nə dərəcədə əsaslıdır?
– Məşq öyrənmə prosesinin mühüm hissəsidir. Lakin tapşırıqların sayını artırmaq hər zaman gözlənilən nəticəni təmin etmir. Buna görə də diqqəti yalnız “nə qədər məşq etməlidir?” sualına yönəltmək əvəzinə, “onun öyrənməsini hansı təlim yanaşması daha yaxşı dəstəkləyə bilər?” sualına da cavab axtarmaq lazımdır.
– Müəllim disleksiyalı şagirdə necə dəstək göstərə bilər?
– İlk növbədə şagirdin oxu prosesinin hansı mərhələsində çətinlik yaşadığını müəyyənləşdirmək lazımdır. Təlimatların aydın və ardıcıl verilməsi, bacarıqların mərhələli şəkildə formalaşdırılması, müntəzəm geribildirim, əlavə vaxt, məlumatın müxtəlif üsullarla təqdim edilməsi və müvafiq təlim uyğunlaşdırmaları faydalı ola bilər. Burada uyğunlaşdırmanın mahiyyətini də nəzərə almaq vacibdir. Məqsəd akademik tələbləri minimuma endirmək deyil, şagirdin qazandığı bilik və bacarıqları nümayiş etdirməsinə mane olan baryerləri azaltmaqdır.
– Bəs “bütün şagirdlərə eyni yanaşma” prinsipi nə dərəcədə əsaslıdır?
– Bərabərlik və eynilik fərqli anlayışlardır. Şagirdlərin öyrənmə xüsusiyyətləri fərqləndiyi halda, hamıya eyni vaxtın, eyni tapşırığın verilməsi və eyni üsulun tətbiqi bərabər öyrənmə imkanlarını təmin etməyə bilər.
Fərdi xüsusiyyətlərin nəzərə alınması həm disleksiyası olan şagirdlərin təliminin dəstəklənməsi, həm də ümumilikdə diferensiallaşdırılmış və inklüziv təlimin təşkili baxımından əhəmiyyət daşıyır.
– Valideyn hansı halda mütəxəssisə müraciət etməlidir?
– Uşağın oxu bacarıqlarında çətinliklər davamlı xarakter daşıyırsa, göstərilən dəstəyə baxmayaraq irəliləyiş gözlənilən səviyyədə deyilsə və müəllim də oxşar müşahidələr aparırsa, vəziyyətin ətraflı qiymətləndirilməsi məqsədəuyğundur.
– Valideynlərə və müəllimlərə hansı mesajı ötürmək istərdiniz?
– Uşağın oxu çətinliyini vaxtında görmək və ona uyğun dəstək göstərmək vacibdir. Hər bir uşağın öyrənmə sürəti və üsulu fərqlənə bilər. Bu fərqləri nəzərə almaq, uşağın irəliləyişini dəstəkləmək və potensialını üzə çıxarmasına şərait yaratmaq lazımdır.
Oktyabr ayı bu mövzuya ictimai diqqəti artırmaq və düzgün məlumatın yayılmasına töhfə vermək üçün fürsətdir. Lakin disleksiya haqqında maarifləndirmə yalnız bir həftə, yaxud bir ay ilə məhdudlaşmamalıdır.