MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH
Bakı, 9 oktyabr, AZƏRTAC
Dövlət başçısının Türkmənistana səfəri Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişləndirilməsi və regional nəqliyyat qovşağı kimi mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli söyləyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Mərkəzi Asiya dövlətləri ilə təmaslar və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak iqtisadi məsələlərin həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə müzakirəsinə imkan yaradır.
“Prezident İlham Əliyevin açıqladığı göstəricilər əməkdaşlığın real iqtisadi əsaslarını nümayiş etdirir. Belə ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb və həmin dövlətlərin kapitalı ilə ölkəmizdə 400-dən çox şirkət fəaliyyət göstərir.
Düşünürəm ki, Türkmənistanla əməkdaşlıqda əsas imkanlardan biri Xəzərin iki sahilində yerləşən limanların, dəmir yollarının və gəmi daşımalarının daha sıx əlaqələndirilməsidir. Belə ki, Türkmənbaşı-Ələt marşrutu üzrə müntəzəm daşımaların təşkili, tariflərin uzlaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsi Mərkəzi Asiya yüklərinin Azərbaycan üzərindən Qərb bazarlarına çıxışını daha rəqabətqabiliyyətli edə bilər. Bu istiqamətdə əməkdaşlığın genişlənməsi Azərbaycanda liman və dəmir yolu gəlirlərinin artması ilə yanaşı, anbar, sığorta, daşıma və emal xidmətlərinin inkişafına da töhfə verə bilər”,- deyə o qeyd edib.
E.Kərimli MDB çərçivəsində iqtisadi əməkdaşlığın da Azərbaycan üçün əlavə imkanlar yaratdığını vurğulayıb. Bildirib ki, üzv ölkələr arasında tarixən formalaşmış biznes əlaqələri, nəqliyyat şəbəkələri və ticarət ənənələri iqtisadi münasibətlərin inkişafını asanlaşdıran amillərdir: “Bununla yanaşı, geosiyasi gərginliklər, sanksiyaların ödəniş və logistika əməliyyatlarına təsiri, eləcə də fərqli gömrük tələbləri əməkdaşlığın səmərəliliyini məhdudlaşdıran amillərdir. MDB platformasının Azərbaycan üçün praktiki əhəmiyyəti tərəfdaş ölkələrlə bazarlara çıxış, daşımalar və investisiya məsələlərinin əlaqələndirilməsi imkanlarının genişləndirilməsindədir. Bu çərçivədə gömrük sənədlərinin rəqəmsallaşdırılması, sertifikatların qarşılıqlı tanınması, etibarlı hesablaşma mexanizmlərinin yaradılması və daşımaların proqnozlaşdırılan müddətdə həyata keçirilməsi prioritet istiqamətlər olmalıdır. Azərbaycan üçün bu əməkdaşlığın uğuru konkret olaraq ixracın və investisiyaların artması, eləcə də ölkə daxilində yaradılan əlavə dəyərin yüksəlməsi ilə qiymətləndirilməlidir”.