Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycanın son onilliklərdə keçdiyi yol hərbi, siyasi, diplomatik və iqtisadi baxımdan mühüm dəyişikliklərlə səciyyələnir. 20 və 27 sentyabr tarixləri ölkəmizin müasir tarixində xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər şəhidlərin əziz xatirəsinin yad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının tarixi əhəmiyyətinin dərk olunması, eləcə də milli həmrəyliyin və vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsi baxımından mühüm yer tutur.
Bu fikirləri AZƏRTAC-a Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımov bildirib.
O deyib ki, Azərbaycan-Ermənistan münaqişəsi XX əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində genişmiqyaslı müharibəyə çevrilib, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi uzun illər işğal altında qalıb.
“Münaqişə nəticəsində minlərlə insan həlak olub, yüz minlərlə Azərbaycan vətəndaşı doğma torpaqlarından məcburi köçkün düşüb, yaşayış məntəqələri və tarixi-mədəni irs obyektləri dağıdılıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri işğal olunmuş Azərbaycan ərazilərindən qüvvələrin çıxarılmasını tələb etsə də, bu sənədlərin icrası uzun illər təmin edilməyib. ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan çoxillik danışıqlar da münaqişənin həllinə gətirib çıxarmayıb.
Azərbaycan uzun müddət münaqişənin sülh yolu ilə həllinə çalışıb, lakin danışıqlar prosesi nəticəsiz qalıb. 2018-ci ildən sonra Ermənistan rəhbərliyinin bir sıra bəyanatları, o cümlədən Qarabağın statusu ilə bağlı mövqeyi, həmçinin 2019-cu ildə səsləndirilən “Qarabağ Ermənistandır” ifadəsi Azərbaycan tərəfindən danışıqlar prosesinə zidd addımlar kimi qiymətləndirilib. 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər və sentyabr ayında Ermənistan silahlı qüvvələrinin təxribatlarından sonra 27 sentyabrda Vətən müharibəsi başlayıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsinə nəzarəti bərpa edib, Şuşa şəhərinin azad olunması müharibənin həlledici mərhələlərindən biri olub”, - deyə Cavadxan Qasımov vurğulayıb.
C.Qasımov qeyd edib ki, ərazi bütövlüyünün bərpasından sonra Azərbaycanın əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışıdır: ““Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlər, yollar, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri yenidən qurulur. Eyni zamanda, mədəni irsin bərpası və minalardan təmizləmə işləri həyata keçirilir. 2025-ci ilin martında sülh sazişinin mətninin razılaşdırılması, avqustun 8-də isə Vaşinqtonda sənədin paraflanması bu prosesin mühüm mərhələləri olub. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması, infrastrukturun yenidən qurulması və iqtisadi fəaliyyətin bərpası, regionda uzunmüddətli və davamlı sülhün təmin edilməsi, Azərbaycanın əsas prioritetləri sırasındadır”.