Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan regionun əsas nəqliyyat və logistika qovşaqlarından biri kimi mövqelərini davamlı şəkildə möhkəmləndirir. Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə Avropa ilə Asiya arasında yükdaşımaların təşkili, tranzit imkanlarının genişləndirilməsi və regional iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır.
Bunu AZƏRTAC-a açıqlamasında türk siyasi ekspert Gökalp Şentürk bildirib.
Ekspertin sözlərinə görə, müasir dövrdə beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığının təmin olunması və yükdaşımaların səmərəliliyinin artırılması dövlətlərin iqtisadi rəqabət qabiliyyətinə birbaşa təsir göstərir.
“Bu baxımdan Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində nəqliyyat əlaqələrinin inkişafına töhfə verən mühüm tərəfdaş kimi çıxış edir. Şərq-Qərb nəqliyyat dəhlizi, o cümlədən Orta Dəhliz Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Azərbaycan və Türkiyə üzərindən Avropa ilə birləşdirən alternativ marşrut kimi əhəmiyyət daşıyır. Bu istiqamətdə infrastrukturun təkmilləşdirilməsi, dəmir yolu və dəniz nəqliyyatı imkanlarının genişləndirilməsi, eləcə də gömrük prosedurlarının sadələşdirilməsi tranzit daşımalarının sürətinə və səmərəliliyinə müsbət təsir göstərə bilər. Mərkəzi Asiya ölkələri ilə nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın regional bağlantılardakı rolunu daha da artıra bilər. Xüsusilə Qazaxıstan, Özbəkistan və Türkmənistanla yükdaşımaların əlaqələndirilməsi, liman və dəmir yolu infrastrukturlarının uzlaşdırılması, rəqəmsal logistika həllərinin tətbiqi Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də Azərbaycanın tranzit strategiyasında mühüm yer tutur. Bu marşrut Şimali Avropa və Rusiya istiqamətini İran və daha geniş mənada Cənubi Asiya bazarları ilə əlaqələndirmək üçün əlavə imkanlar yaradır. Dəhliz üzrə infrastrukturun inkişafı, sərhəd-keçid məntəqələrində əməliyyatların sürətləndirilməsi və logistika xidmətlərinin təkmilləşdirilməsi yükdaşımaların həcminin artmasına şərait yarada bilər”, - deyə Gökalp Şentürk vurğulayıb.
O əlavə edib ki, Azərbaycanın tranzit imkanlarının genişlənməsi yalnız nəqliyyat sektorunun inkişafı ilə məhdudlaşmır. Bu proses ölkəyə investisiyaların cəlb olunmasına, logistika mərkəzlərinin formalaşmasına, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun inkişafına da töhfə verə bilər: “Eyni zamanda, beynəlxalq nəqliyyat marşrutlarının səmərəli fəaliyyəti region ölkələri arasında iqtisadi qarşılıqlı asılılığı və əməkdaşlığı gücləndirir. Azərbaycanın nəqliyyat strategiyasının perspektivləri regional tərəfdaşlarla koordinasiyanın gücləndirilməsindən, infrastruktur layihələrinin davam etdirilməsindən və tranzit xidmətlərinin rəqəmsallaşdırılmasından asılıdır. Bu istiqamətlərdə görülən işlər ölkənin beynəlxalq nəqliyyat sistemindəki rolunun möhkəmlənməsinə və Avrasiya məkanında iqtisadi əlaqələrin inkişafına əlavə imkanlar aça bilər”.