Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib
Berlin, 9 oktyabr, AZƏRTAC
Almaniyadakı 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 9-da Azərbaycan ədəbiyyatına həsr olunan panel keçirilib.
AZƏRTAC xəbər verir ki, şair, tədqiqatçı Fərid Hüseyn “Azərbaycan ədəbiyyatı - dünyaya açılan pəncərə” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə min ildən artıq bir dövr ərzində Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol, yaranmış dəyərli milli ədəbi irsimiz, dünya oxucuları üçün ən çox maraq doğura biləcək məqamlar və görkəmli qələm sahibləri haqqında söz açılıb. F.Hüseyn, həmçinin müasir Azərbaycan dili və onun perspektivləri, tərcümə mübadiləsi məsələləri barədə də danışıb.
Mədəniyyət Nazirliyinin Kitabxanalar və nəşriyyatlarla iş sektorunun müdiri Lalə Məmmədova Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanıdılması istiqamətində nazirlik tərəfindən həyata keçirilən layihələr və təşəbbüslər barədə məlumat verib. O, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında müəyyən edilmiş strateji istiqamətlərə uyğun olaraq, Azərbaycan müəlliflərinin əsərlərinin xarici dillərə tərcüməsini, nəşrini və beynəlxalq auditoriyaya çatdırılmasını təşviq edəcək “Azərbaycan ədəbiyyatı xaricdə” dəstək proqramının hazırlanması istiqamətində işlərin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb.
Azərbaycanın regionun ən böyük kitab festivalına ev sahibliyi etdiyini vurğulayan sektor müdiri cari il oktyabrın 21-27-də keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi haqqında danışıb. Sərginin əsas istiqamətləri, beynəlxalq iştirakçılığı və təqdim etdiyi əməkdaşlıq imkanları barədə tədbir iştirakçılarına məlumat verilib.
Yazıçı Xəyalə Murad isə çıxışında müasir Azərbaycan ədəbiyyatının beynəlxalq kitab bazarında təmsilçiliyi və xarici nəşriyyatlarla qurulan əməkdaşlıq təcrübəsindən bəhs edib. O, əsərləri üzrə xarici ölkələrdə nəşr və tərcümə hüquqları əldə edilmiş Azərbaycan müəllifləri, müxtəlif janrlarda Azərbaycan ədəbiyyatına beynəlxalq maraq, eləcə də artıq bir sıra xarici dillərdə nəşr olunmuş əsərlər barədə danışıb.
Qeyd edək ki, sərgi məkanında Mədəniyyət Nazirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə milli stendimiz qurulub.