Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
Bakı, 9 oktyabr, AZƏRTAC
Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “İrs-Miras” jurnalının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, təqdimat mərasimində çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov iki ölkənin xalqları arasında mövcud olan çoxəsrlik dostluq və qardaşlıq münasibətlərindən bəhs edib.
Səfir ortaq tarixi köklərə, zəngin mədəni irsə və milli-mənəvi dəyərlərə əsaslanan Azərbaycan–Özbəkistan münasibətlərinin siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə ardıcıl olaraq inkişaf etdiyini vurğulayıb. O, “İrs-Miras” jurnalının özbək dilində nəşrinin Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin qardaş Özbəkistan ictimaiyyətinə daha yaxından tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Diplomat bu cür nəşrlərin xalqlarımız arasında qarşılıqlı anlaşmanın, əbədi dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, eləcə də iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli jurnalın özbək dilində nəşrinin ortaq mədəni dəyərlərin təbliğinə, ədəbi və elmi mübadilənin genişlənməsinə, eləcə də xalqlar arasında mənəvi bağların daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Daşkənd şəhər Şurasının deputatı, fəlsəfə elmləri doktoru, professor Cəmilə Şərmuhəmmədova, Özbəkistan Mədəniyyət Nazirliyi yanında Kinematoqrafiya Agentliyinin idarə rəisi, Özbəkistan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, ədəbiyyatşünas Şöhrət Hayitov, Özbəkistan Təsviri Sənət Qalereyasının direktoru Kamola Akilova və Özbəkistan–Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Erkin Məmmədov “İrs-Miras” jurnalının özbək dilində nəşrinin əhəmiyyətindən bəhs ediblər. Çıxışçılar nəşrin Azərbaycan xalqının zəngin tarixinin, mədəniyyətinin, incəsənətinin və milli-mənəvi irsinin özbək tələbələrə və geniş oxucu auditoriyasına daha yaxından tanıdılması, eləcə də iki qardaş xalq arasında elmi-mədəni əlaqələrin və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Nəşrin müəllifi Musa Mərcanlı “İrs” beynəlxalq jurnalının yaranma tarixi, inkişaf mərhələləri və beynəlxalq fəaliyyəti haqqında məlumat verib. O, jurnalın özbək dilində nəşrinin əhəmiyyətini vurğulayaraq, onun hazırlanmasına və təqdimat mərasiminin təşkilinə göstərilən dəstəyə görə Azərbaycanın Özbəkistandakı səfirliyinə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, eləcə də layihənin həyata keçirilməsində əməyi olan bütün tərəfdaşlara təşəkkürünü bildirib.