Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Gələn il Mərkəzi Asiya ölkələrini və Azərbaycanı birləşdirən C6 formatına Azərbaycanın ilk dəfə sədrlik etməsi regional əlaqələrin möhkəmləndiyini və ölkəmizin beynəlxalq münasibətlərdə rolunun artdığını göstərir.
Bunu AZƏRTAC-a siyasi elmlər namizədi, Avropa İttifaqı üzrə ekspert Kamran Həsənov deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri Azərbaycanı regionun təbii davamı kimi qəbul edir. Bu yanaşmada Azərbaycanın Xəzər dənizindəki strateji mövqeyi və beynəlxalq bazarlara çıxış imkanları da mühüm rol oynayır.
“Mərkəzi Asiya Xəzər dənizi, Azərbaycan vasitəsilə və daha sonra digər istiqamətlərə çıxış olmadan dünyanın müəyyən hissəsindən, məsələn, Yaxın Şərqdən və Avro-Atlantik məkandan faktiki olaraq təcrid olunmuş vəziyyətdə qalır”, – deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, Azərbaycanın artan əhəmiyyəti təkcə regiondakı mövqelərinin möhkəmlənməsində deyil, həm də dünyanın aparıcı dövlətləri ilə münasibətlərinin inkişafında özünü göstərir: “Azərbaycan, həqiqətən də orta gücə çevrilib. Bunun nəticəsidir ki, ölkəmizi dünyanın bütün formatlarında və regional təşkilatlarında böyük məmnuniyyətlə qəbul etməyə çalışırlar”.
K.Həsənovun fikrincə, C6 formatına sədrlik Azərbaycana çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək, tranzit potensialını gücləndirmək və enerji sahəsində əlaqələri genişləndirmək üçün əlavə imkanlar yaradır.
O qeyd edib ki, Zəngəzur dəhlizi də daxil olmaqla, nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycanın regional logistika sahəsində rolunu daha da gücləndirə bilər. Bununla yanaşı, ənənəvi ixrac marşrutlarında yaranmış böhran və məhdudiyyətlər şəraitində Azərbaycan Mərkəzi Asiya dövlətlərinə enerji resurslarının ixracı üçün alternativ marşrutların tapılmasında kömək edə bilər.
Bununla belə, ekspert hesab edir ki, Azərbaycan enerji sektorundan kənarda iqtisadi əməkdaşlığı genişləndirməli və qabaqcıl texnologiyaların inkişafında daha fəal iştirak etməlidir: “Eyni zamanda, yeni, altıncı texnoloji quruluşa keçidə qoşulmaq, süni intellekt, yeni texnologiyalar və müasir sənayenin bütün sahələri ilə məşğul olmaq lazımdır”.
K.Həsənov iqtisadiyyatın modernləşdirilməsinin və karbohidrogenlərin ixracından asılılığın azaldılmasının vacibliyinə də diqqət çəkib. Onun fikrincə, neft-qaz sektorunun inkişafı iqtisadi artıma əhəmiyyətli təkan verib, lakin müasir şəraitdə bu, artıq kifayət etmir.
“Zamanla ayaqlaşmaq və enerji daşıyıcılarından asılılığı azaltmaq, müasir innovasiyaların tətbiqini isə genişləndirmək istiqamətində iqtisadiyyatı modernləşdirmək lazımdır”, – deyə ekspert bildirib.
Müxbir – Pərvanə Qafarova