Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
Bakı, 9 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) birgə təşkilatçılığı ilə “Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə” mövzusunda seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda BDU-nun Protokol sektorunun mütəxəssisi Mirhüseyn Tağıyev müasir dünyada yaranmış yeni iqlim və dayanıqlı inkişaf reallıqlarından, bərpaolunan enerjinin, xüsusilə yaşıl hidrogenin əhəmiyyətindən bəhs edib. O, həmçinin COP29 və WUF13 kimi qlobal beynəlxalq platformaların önəmini vurğulayaraq, BDU ilə İƏT Təmiz Enerji Mərkəzi arasındakı mövcud əməkdaşlıq çərçivəsində görülən işlər və gələcək planlar barədə məlumat verib.
İƏT Təmiz Enerji Mərkəzinin layihə koordinatoru Nigar Şükürova qurumun fəaliyyət istiqamətləri, missiyası və təşkilati statusu haqqında danışıb. O, üzv ölkələr arasında təmiz enerji sahəsində əməkdaşlığın gücləndirilməsi, enerji keçidinin təşviqi və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələrə toxunub. Nigar Şükürova COP29 Hidrogen Bəyannaməsinin əhəmiyyətini diqqətə çatdıraraq, bu sahədə regional əməkdaşlığın vacibliyini qeyd edib.
Mərkəzin nümayəndəsi Elvira Kazımova isə hidrogen enerjisinə dair geniş təqdimatla çıxış edib. O, hidrogenin istehsal zənciri, rəng təsnifatı, istehsal üsulları (xüsusilə elektroliz texnologiyaları), saxlanılması və nəqli mərhələlərini izah edib. Bildirib ki, hidrogen həm sənayedə xammal, həm də enerji daşıyıcısı kimi çətin karbonsuzlaşdırılan sahələrdə istixana qazı emissiyalarının azaldılmasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və aşağı karbonlu iqtisadiyyata keçidə mühüm töhfə verir.
Tədbir çərçivəsində CECECO tərəfindən nəşr olunan və hidrogen dəyər zəncirini sadə dillə izah edən “H2 Knowledge Guide” kitabının təqdimatı keçirilib.
Sonda həmin kitab seminar iştirakçılarına və BDU-nun Elmi Kitabxanasına hədiyyə edilib.