Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Gənclər Fondunun dəstəyi və "Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə Naxçıvan Dövlət Universitetində Gənclərin Süni İntellekt Forumu keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə keçirilən forumun əsas məqsədi gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarının artırılması, süni intellektin inkişafının peşələrə və karyera seçimlərinə təsirinin müzakirə olunması, eləcə də gənclərin dəyişən əmək bazarının tələblərinə hazırlığının gücləndirilməsidir.
Tədbirin açılış hissəsində Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək forumun əhəmiyyətindən və süni intellekt sahəsində gənclər üçün yaradılan imkanlardan bəhs ediblər.
Daha sonra “Süni intellektin inkişafı fonunda dəyişən peşələr və gənclərin karyera seçimlərinə təsiri” mövzusunda panel müzakirəsi keçirilib. Panel sessiyasında süni intellektin inkişafı ilə dəyişən peşələr, əmək bazarındakı yeniliklər və gənclərin bu sahədə karyera imkanları barədə fikir mübadiləsi aparılıb.
Həmçinin forum çərçivəsində iştirakçılara süni intellektin tətbiq imkanları barədə ətraflı məlumat verilib.