ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO
Ağstafa, 9 oktyabr, AZƏRTAC
ADA Universitetinin Qazax Mərkəzinin magistrantları “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsi çərçivəsində Keşikçidağ Kurqanlar Vadisində aparılan arxeoloji qazıntılarla tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda AMEA Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən layihənin məqsədi bölgənin arxeoloji irsini öyrənmək və gənclərin milli-mədəni irsə marağını artırmaqdır.
Səfərdə ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının təsisçi direktoru və müəllimi, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva və universitetin Qazax Mərkəzinin baş məsləhətçisi Yeganə Göyüşova da iştirak ediblər.
Magistrantlara qazıntıların elmi-metodoloji əsasları, aşkar olunan maddi-mədəniyyət nümunələrinin tarixi əhəmiyyəti və onların qədim cəmiyyətlərin həyatının öyrənilməsində rolu barədə məlumat verilib.
Ekspedisiya rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədov və institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov qonaqlara qazıntı sahəsini və aşkar edilmiş tapıntıları təqdim ediblər. Həmçinin arxeoloji nümunələrin sənədləşdirilməsi və elmi təhlili prosesi barədə məlumat verilib.
Layihə elmi-tədqiqat müəssisələri ilə ali təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsinə, gənclərin praktiki biliklərinin artırılmasına və bölgənin qədim irsinin öyrənilməsinə xidmət edir.
Müxbir -Ruslan Novruzoğlu