Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir
Bakı, 10 oktyabr, AZƏRTAC
Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir. Bu, həm Azərbaycan Üzgüçülük Federasiyasını, həm də ümumilikdə ölkəmizi idmanda, su idmanı növlərində fəal iştirakçı kimi göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Bakıda təşkil edilən Avropa Su İdmanı Federasiyasının (European Aquatics) Konqresi barədə danışarkən deyib.
O bildirib ki, Bakı 2026-cı il dünyanın idman paytaxtı olduğu üçün ölkədə bu çərçivədə silsilə tədbirlər və idman yarışları keçirilir.
“Bu da Azərbaycanın təşkilatçı ölkə kimi göstərdiyi etimadın əyani sübutudur. Ötən həftə Bakıda Üzgüçülük üzrə Dünya Kuboku keçirilib. Bu həftə isə Avropa Üzgüçülük Federasiyasının konqresi təşkil olunur. Konqres Avropa Üzgüçülük Federasiyasının ali məclisidir və ildə bir dəfə keçirilir. Tədbirdə, demək olar ki, bütün ölkələr iştirak edir. Burada su idmanı növlərinin gələcəyi müzakirə olunur, hesabatlar təqdim edilir. Belə tədbirlərin Azərbaycanda təşkili ölkənin su idmanı növlərində fəal iştirakını nümayiş etdirmək baxımından əhəmiyyətlidir. Həmçinin Azərbaycanda Avropa və ya dünya çempionatlarını təşkil etmək üçün müvafiq infrastruktur mövcuddur. Məkan, yerləşmə və nəqliyyat baxımından imkanlar olsa da, hazırda Avropa və ya dünya çempionatının Bakıda keçirilməsi məsələsi müzakirə olunmur və gündəmdə deyil”, - deyə baş katib əlavə edib.
Federasiyanın baş katibi Bakıda Üzgüçülük üzrə Dünya Kubokunun gələcək taleyinə də toxunub. O bildirib ki, Dünya Kubokunun Bakıda, eləcə də "İpək Yolu" turu çərçivəsində Daşkənd və Astanada keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuş birdəfəlik layihə olub.
Oqtay Atayev əlavə edib ki, bu tədbirlərin gələcəkdə silsilə şəklində davam etdirilməsi istisna deyil: “Lakin hazırda bununla bağlı hər hansı müzakirə aparılmır və qərar qəbul edilməyib”.