İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib
Ankara, 10 oktyabr, AZƏRTAC
İğdır şəhərində Nənə Xatun adına Peşə-Texniki Liseyin şagirdləri texnologiya dərsi çərçivəsində Xarıbülbül çiçəyinin təsvir olunduğu rəsmləri rəngləyib, Azərbaycanın Qarabağ bölgəsinin rəmzini əks etdirən yaylıqlara naxış vurublar.
AZƏRTAC xəbər verir ki, liseyin müəllimləri Sura Tekin və Derya Kısak şagirdlərə Xarıbülbül çiçəyinin rəmzi və mənəvi əhəmiyyəti barədə məlumat veriblər.
Müəllimlər şagirdləri Azərbaycanın mədəniyyətini və tarixini hərtərəfli öyrənməyə, xalqımızın qəhrəmanlıq səhifələrinə hörmətlə yanaşmağa çağırıblar.
Onlar gəncləri “Bir millət, iki dövlət” kəlamına sadiq qalmağa çağıraraq, gənc nəslin vətənpərvərlik və qardaşlıq ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıblar.
Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin İğdır nümayəndəliyinin rəhbəri İlteriş Kağan Taşkınsu şagirdlərə Azərbaycanın qəhrəmanlıq tarixindən bəhs edib, xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin tarixi əhəmiyyətini vurğulayıb.
“Xarıbülbül çiçəyi Vətənə sevginin, dövlətin azadlığını və ərazi bütövlüyünü qorumaq əzminin rəmzidir”, – deyə o bildirib.
Dərsdə, həmçinin İğdır valisinin həyat yoldaşı Didem Taşolar, vilayətin Təhsil İdarəsinin rəis müavini Yalçın Türkyılmaz və Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) sədr müavini Serdar Ünsal iştirak ediblər.