Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
Kocaeli, 10 oktyabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) başa çatıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır konqresin son günündə Aspendos Antik Teatrında təşkil olunan qala proqramında çıxış edib.
Nazir bildirib ki, beş gün davam edən tədbir çərçivəsində qlobal kosmik ekosistemin, demək olar ki, bütün iştirakçıları Antalyada bir araya gəlib.
O qeyd edib ki, konqresdə kosmik agentliklərin, alimlərin, mühəndislərin, astronavtların, texnologiya şirkətlərinin, startapların, investorların, tələbələrin və gənc mütəxəssislərin iştirakı ilə geniş proqram həyata keçirilib, elmi tədqiqatlar, kosmosun tədqiqi, peyk və daşıyıcı raket texnologiyaları, insanlı kosmik uçuşlar, Yer səthinin müşahidəsi, kosmik iqtisadiyyat, dayanıqlılıq və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.
Konqresin “Dünyanın daha çox kosmosa ehtiyacı var” mövzusuna həsr olunduğunu xatırladan nazir vurğulayıb ki, kosmik texnologiyalar müasir həyatın ayrılmaz hissəsinə çevrilib: “Bu texnologiyaların təsiri peyk rabitəsi, naviqasiya və Yer səthinin müşahidəsi kimi sahələrdə getdikcə daha aydın hiss olunur”.
Konqresin bağlanış mərasimində tədbirin bayrağı 2027-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək Polşaya təhvil verilib.
Konqresin son günündə təşkil olunan Xalq Günü proqramında isə təxminən 12 min nəfər iştirak edib.
Xatırladaq ki, Azərbaycan tədbirdə geniş heyətlə iştirak edib. Ölkəmiz konqresə təqdim olunan elmi məqalələrin sayına görə 108 ölkə arasında, 814 elmi məqalə ilə ikinci yerdə qərarlaşıb.