Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər
Cəbrayıl, 10 oktyabr, AZƏRTAC
Dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Veleyin başçılığı ilə Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyyahların budəfəki səfərinin son ünvanı Cəbrayıl rayonu olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahlar Cəbrayıl rayonu Yarəhmədli kəndində minatəmizləmə işlərinin həyata keçirildiyi ərazidə ANAMA tərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olublar.
Onlara işğal zamanı ərazilərin həddən çox minalarla çirkləndirilməsi barədə, həmçinin ötən dövrdə mina təhlükəsi nəticəsində həlak olanların və sağlamlığını itirənlərin olduğu haqqında məlumat verilib. Ərazilərdə tankəleyhinə minaların, piyadaəleyhinə minaların, həmçinin qarışıq mina xətlərinin çox olduğu bildirilib.
Bundan başqa axtarış vaxtı ərazidə partlamamış silah-sursatların da aşkarlandığı deyilib. Qeyd edilib ki, aşkarlanan piyadaəleyhinə minaların əsas tərkib hissəsi Ermənistan istehsalıdır. Səyyahlara, həmçinin məlumat verilib ki, ərazidə təmizləmə işləri mexaniki üsulla, əl ilə və təlim keçmiş itlər vasitəsilə olmaqla üç üsulla aparılır. Daha sonra ərazidə aşkarlanan minaların partladılma yolu ilə zərərsizləşdirilməsi prosesi həyata keçirilib.
Qeyd edək ki, budəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Britaniya və s.) təxminən 40 nəfər daxildir, səfər proqramında Azərbaycanın qədim tarixini, böyük keçmişini özündə əks etdirən Alban məbədlərinin ziyarəti də var. Bu, dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə yerində tanış olmağa imkan yaradır.
Müxbir - Aydın Yavərzadə