Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
Qazax, 10 oktyabr, AZƏRTAC
Qazax şəhərində ilk dəfə bədii gimnastika üzrə “Grace of Nature” turniri təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 10-11-də keçirilən yarışda Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən 250-yə yaxın gimnast iştirak edir.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Gimnastika Federasiyası və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən turnir Qazax Olimpiya İdman Kompleksində baş tutub. Yarışda paytaxt və bölgələri təmsil edən 20 klubun balaca, yeniyetmə və gənc gimnastları məharətlərini nümayiş etdirirlər.
Turnirin açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxın 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin əhəmiyyətini vurğulayıb, şəhərdə il ərzində müxtəlif idman yarışlarının və tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Rayon rəhbəri turnirin təşkilinə görə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə təşəkkür edib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın idmana, xüsusilə gimnastikaya göstərdikləri qayğıdan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra yarışlara start verilib. İki gün davam edəcək turnirdə qaliblər yaş qrupları üzrə fərdi proqramda çoxnövçülük və ayrı-ayrı alətlər, qrup hərəkətləri proqramında isə ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Müxbir - Ruslan Novruzoğlu