Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür
Bakı, 10 oktyabr, AZƏRTAC
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, millət vəkilləri Orhan Erdem və Ahmet Erbaş, habelə UID Azərbaycanın sədri Cengiz Aygör Türkiyə-Azərbaycan Universitetini (TAU) ziyarət edib.
Bu barədə AZƏRTAC-a TAU-dan məlumat verilib.
Görüşdə TAU-nun rektoru dosent Nəcibə Nəsibova universitetin yaradılması, fəaliyyəti və tədris prosesi haqqında məlumat verib. O bildirib ki, 2024-cü ildə Azərbaycan və Türkiyə prezidentlərinin iradəsi ilə təsis edilmiş Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında bütün sahələrdə mövcud olan strateji əlaqələrin təhsil sahəsindəki təzahürüdür. Universitetin açılmasında əsas məqsəd maddi imkanları məhdud ailələrin istedadlı uşaqlarına ölkə xaricinə getmədən Türkiyənin nüfuzlu universitetləri tərəfindən təhsil verilərək peşəkar mütəxəssis kimi yetişdirilməsidir.
Rektor qeyd edib ki, Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində TAU-da Orta Doğu Texniki Universitetinin (ODTÜ) kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin (İTÜ) sənaye mühəndisliyi və Hacettepe Universitetinin qida mühəndisliyi proqramları həyata keçirilir. O, dərslərin tərəfdaş universitetlərin tanınmış professor-müəllim heyəti tərəfindən aparıldığını diqqətə çatdırıb.
Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün TAU-nu yeni nəsil ali təhsil müəssisəsi kimi səciyyələndirib. Səfir qeyd edib ki, TAU-da kompüter, sənaye və mühəndisliyi proqramlarının tədrisi Türkiyənin nüfuzlu və beynəlxalq reytinq dərəcəli universitetləri tərəfindən həyata keçirilir. O, Türk dünyasının yüksəliş dövrünə qədəm qoyduğunu, XXI əsrdə ölkələrimizin daha da inkişaf etməsi üçün peşəkar və milli təəssübkeşliyə sahib kadrlara ehtiyac olduğunu bildirib. Rektor Nəcibə Nəsibovanın təhsil sahəsindəki böyük təcrübəsi ilə bu işə töhfə verəcəyinə əminliyini ifadə edən səfir bütün qonaqlara təşəkkür edib.
Konya millət vəkili Orhan Erdem isə çıxışında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda ortaq universitetlərin qurulduğunu və TAU-nun xüsusilə seçildiyini qeyd edib. O, eyni zamanda, universitetin inkişafı üçün əllərindən gələni etməyə hazır olduqlarını vurğulayıb və TAU kollektivinə uğurlar arzulayıb.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım çıxışında iki ölkə arasında qardaşlıq münasibətlərini vurğulayıb. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətlərinin təhsil sahəsində strateji əməkdaşlığa mühüm töhfə verdiyini vurğulayan millət vəkili bu əlaqələrin daimi və sarsılmaz olduğunu ifadə edib.
Millət vəkili Ahmet Erbaş isə çıxışında TAU-ya ümidlərin böyük olduğunu vurğulayıb.