İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycanda vərəm üzrə hər 100 min nəfərə düşən yeni xəstə sayının son 10 ildə iki dəfə azalmasına nail olunub. Eyni zamanda, vərəmdən ölüm göstəricisi də son 10 ildə üç dəfədən çox azalıb.
Bunu AZƏRTAC-a açıqlamasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru, tibb üzrə fəlsəfə doktoru İradə Axundova deyib.
O bildirib ki, bu, çox yaxşı nəticədir və Ümumdünya Səhiyyə Təşkilatının qarşıya qoyduğu məqsədlərə çatmağa imkan yaradır.
“Dünyada ən çox rast gəlinən patologiyalardan biri olan ağciyərlərin xroniki obstruktiv xəstəliyi təəssüf ki, yayılmaqda davam edir. Məlum olduğu kimi, həmin xəstəlik daha çox yaşlı kişilərdə və tütün çəkən şəxslərdə müşahidə olunur. Müasir müayinə və müalicə üsulları insanların həyat fəaliyyətini yaxşılaşdırır, ömrünü uzadır. Bu istiqamətdə işlər həkimlərin nəzarəti altında aparılır”, - deyə İradə Axundova vurğulayıb.