Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
Kocaeli, 10 oktyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı Azərbaycan Prezidentinin də dediyi kimi, bizim ailə təşkilatımızdır. Burada toplaşan bütün ölkələrin bir-biri ilə mədəniyyət, tarix və dil bağlılıqları var və ən son keçirilən Zirvə görüşündən əldə olunan nəticələrin və orada irəli sürülən təşəbbüslərin bu tədbirdə də həyata keçirilməsinə ümid edirik.
Bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Kocaeli şəhərində keçirilən “Türk dünyası gənclərinin görüşü” ilə bağlı AZƏRTAC-a açıqlamasında söyləyib.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin gənclərə həmişə böyük diqqət və qayğı göstərdiyini, gəncləri ölkəmizin gələcəyi kimi gördüklərini xatırladan səfir deyib: “Türk dünyası gənclərinin bir araya gəlməsi, təcrübələrini bölüşməsi, əməkdaşlıq imkanlarının müzakirəsi - bütün bunlar ölkələrimiz arasındakı qardaşlıq, əməkdaşlıq, dostluq və inkişaf üçün çox önəmlidir. Ona görə bu cür tədbirlərin keçirilməsini biz də dəstəkləyirik”.
Səfir bildirib ki, Qarabağımız işğaldan azad olunduqdan sonra müəyyən gənclər təşkilatlarının üzvləri da işğaldan azad edilən ərazilərimizə səfər edir, oradakı inkişaf və yeniliklərlə tanış olurlar. Azərbaycan gəncliyi üçün ən böyük investisiya təhsildir və Azərbaycanın Xankəndi şəhərində Qarabağ Universitetinin təsis olunması, Türkiyədəki universitetlərin əməkdaşlıq maraqları onu göstərir ki, bizim gənclərimiz gələcəyimiz üçün çox önəmli işlər görəcəklər.